Əli Əsədov və Samir Nuriyevin başçılığı altında nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri başa çatıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident
Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli
məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir
Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər
şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş
ərazilərdə səfərdə olub.

AzerTimes xəbər verir
ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti
Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad
edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi
barədə məlumatlandırıb.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə əlaqədar
görülmüş işlər barədə təqdimat edib.

Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan
sonra “Azərenerji”nin Füzulidə yeni istismara verilən elektrik
stansiyasına baxış olub.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi
Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv
elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə
avtomobil yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh
Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.

Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda
aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin
sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı
məlumat verib.

Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu
xətlərində aparılan işlər barədə məlumatlandırıb.

Daha sonra Zəngilan rayonunda iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında
görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava
Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti
Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min
metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında
başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən
ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti
işlərinin bu il tamamlanması planlaşdırılır.

Nümayəndə heyətinin üzvləri Zəngilanda “Ağıllı kənd” ilə də
tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə
çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi
olacaq.

Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət
Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə
tanış olub, silah-sursat və texnikaya baxış keçirib.

Martın 2-də Baş nazir Əli Əsədov və Prezident
Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti
dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində
işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə
müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr
barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri
tapşırıqlar verilib.

Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni
abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr,
aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti
qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.

Səfərin sonunda Baş nazir Əli Əsədovun və Prezident
Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli
məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir
Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər
şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd rayonuna səfər edib,
Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış
olublar.

Bununla da səfər başa çatıb.

Teqlər: