Ceyhun Bayramov Misirin səfiri ilə görüşüb (FOTO)

2 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə
və səlahiyyətli səfiri Adel İbrahimi ölkəmizdə diplomatik
fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək
dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf
etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Nazir, Azərbaycan və Misir münasibətlərin xüsusi əhəmiyyət kəsb
etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni
və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib.
İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda
uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə
bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata
keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat
verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında
münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını
qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn
suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin
toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini
vurğulayıb.

Misir səfiri Adel İbrahim Azərbaycanda fəaliyyəti müddətində ona
göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib. Səfir,
Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və
bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu
vurğulayıb. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq
işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş
ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir
şirkətlərinin cəlb edilməsi məsələsinə toxunub. O, iki ölkə
arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s.
əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.

Tərəflər Azərbaycan Respublikası və Misir Ərəb Respublikası
arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə
Müştərək Komissiyanın fəaliyyəti və digər məsələlər ətrafında fikir
mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm
sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük
potensialın olduğunu qeyd ediblər.

Nazir, səfir Adel İbrahimə gələcək fəaliyyətində ona uğurlar
arzu edib.

Teqlər: