Nitsada Xocalı soyqırımı ilə bağlı anım konserti keçirilib (FOTO)

Fransanın Nitsa (Nice) şəhərində Xocalı soyqırımının 30-cu
ildönümü ilə əlaqədar anım konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, konsert
Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının
təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Fransanın Şarant bölgəsinin deputatı, Azərbaycanın
Dostları Assosiasiyasının prezidenti Jerom Lamber, Turkiyənin
Marsel şəhərində baş konsulu Arda Ulutaş, ictimai-siyasi xadimlər,
Azərbaycan diasporunun və türk assosiasiyalarının nümayəndələri
iştirak ediblər.

Konsert öncəsi çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının
prezidenti Jerom Lamber tamaşaçılara Xocalı soyqırımı haqqında
məlumat verib. O, təəssüflə bildirib ki, Qərbi Avropa əhalisinin bu
faciə haqqında, ümumiyyətlə, Ermənistan və Azərbaycan münaqişəsi
barədə məlumatı azdır. Fransız siyasətçi Xocalı soyqırımını 1944-ci
ildə Fransanın Oradour şəhərində baş verən, 643 kəndlinin qətlimına
səbəb olan faciə və Vyetnam müharibəsi zamanı 1968-ci ildə Amerika
batalyonu tərəfindən törədilən və 500-dən çox qurbana səbəb olan My
Lai qətliamı ilə muqayisə edib.

“Bu qırğınlar müharibənin silinməz cinayəti kimi yaddaşlarda iz
buraxıb. Xocalı qətliamı da Azərbaycan tarixində silinməz faciə
olaraq qalır. Bu vəhşicəsinə törədilmiş cinayətin icraçıları da
Oradour və My Lai qətliamlarını törədənlər və məsuliyyət daşıyanlar
kimi mühakimə edilməli və qınanılmalıdır. Bu qan yaddaşı silinə
bilməz və silinməməlidir. Çünki sülh ancaq həqiqət və ədalətin
bərqərar olması nəticəsində qurula bilər!”, – deyə J.Lamber nəzərə
çatdırıb.

Anım gecəsində iştirak edən bəstəkar Pyer Tilua ölkəmizlə onu
baglayan 20 illik dostluq munasibətlərindən, Xocalı əsərinin
yaranmasından, bu faciəvi hadisənin onun üçün nə dərəcədə muhum
olmasından danışıb. Azərbaycana çoxsaylı səfərləri zamanı milli
musiqimizə və mədəniyyətimizə heyran qaldığını bildirən bəstəkar
qeyd edib ki, dostlarının sevincinə də, kədərinə də şərikdir.
Xocalı faciəsi, umumiyyətlə, Azərbaycan tarixinin bu qaranlıq dövrü
ona çox təsir edib. Buna görə də bəstələdiyi əsər vasitəsilə bu
kədəri bölüşmək, soyqırımı qurbanlarına ehtiramını ifadə etmək
istəyib. Bununla da beynəlxalq ictimai rəyi tarixdə əks-səda
doğuran, lakin qulaqbatırıcı bir sükutla qarşılanan faktla üz-üzə
qoymağa çalışır.

Sonra Azərbaycan və dünya bəstəkarları Fikrət Əmirov, Qara
Qarayev, Granado və Barberin, eləcə də fransız bəstəkar Pyer
Tiluanin solo skripka, klarnet və simli kvartet üçün bəstələdiyi “Xocalı 613” kompozisiyası ifa olunub.

Xocalı soyqırımı barədə məlumatlar və konsert proqramı konsert
iştirakçılarının boyuk marağına səbəb olub.

Tədbir çərçivəsində tamaşaçılara Heydər Əliyev Fondunun dəstəyi
ilə Xocali soyqırımı həqiqətləri barədə dərc olunan materiallar və
“Xocali 613” əsərinin diskləri paylanılıb.

Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə
həsr olunmuş “Xocalı 613” əsərinin ilk təqdimatı 21 fevral 2013-cü
ildə Parisin Müqəddəs Roş kilsəsində baş tutub.

Teqlər: