Birinci vitse-prezident Mehriban Əliyeva: Dünyada birinci vaksinasiya 2020-ci ilin dekabrında Birləşmiş Ştatlarda həyata keçirilib, bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı

Səhv etmirəmsə, dünyada birinci vaksinasiya 2020-ci ilin
dekabrında Amerikada, gərək ki, Birləşmiş Ştatlarda həyata
keçirilib. Bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də
başlandı.

Trend xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban
Əliyeva Prezident İlham Əliyevlə birlikdə Rusiya Federasiyasına
rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində
Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə
görüşü zamanı deyib.

Birinci vitse-prezident bildirib:

“Yəni, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin
vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi
xətti ilə Avropa vaksinləri də aldıq. Yəni, vaksinləri seçmək
imkanı vardı. Təbii ki, vaksinasiyanın könüllü olacağı qərara
alındı və seçim vardı. Burada, əlbəttə, ikinci aspekt çox vacibdir.
Hesab edirəm ki, Mixailin dediyi kimi, bizim təcrübəmizi uğurlu
hesab etsək, yəqin ki, cəmiyyətlə düzgün kommunikasiya çox vacib
aspektdir. Ona görə ki, situasiya insanlar üçün yeni, çox cəhətdən
qorxulu idi. İnkar edənlər də vardı, hər yerdə olduğu kimi, prinsip
etibarilə müxtəlif konspiroloji versiyalar vardı. Bizə nə kömək
etdi? İlk növbədə, bizə kömək edən bunu başa düşməyimiz oldu ki,
qərargahdan daxil olacaq ismarıclar tamamilə dürüst olmalıdır, biz
onları elə yoxlamalıyıq ki, sonradan dəyişməyək. Ona görə ki, belə
vəziyyətdə dediyimizi etmək çox vacib idi. Bu halda da mən yenə
Prezidentə minnətdaram, çünki o, insanlara, ictimaiyyətə müraciət
edir və bu ismarıcları verirdi. Əlbəttə, burada insanların
Prezidentə etimadı öz rolunu oynadı. COVID ilə bağlı vəziyyətdə bu
etimadın nə dərəcədə vacib olması bir daha təsdiqləndi, ona görə
ki, Prezidentdən eşidilənlər birmənalı həqiqət kimi qəbul edilirdi.
Əlbəttə, skeptiklər, skeptik əhval-ruhiyyəli insanlar vardı, az
sayda vaksin əleyhdarları var. Lakin bütövlükdə biz ciddi
ziddiyyətlərdən və ya iğtişaşlardan qaça bildik. Bizdə insanlar
vaksin vurdurmağa getdilər və yetərincə intizamlı şəkildə
vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan
insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki,
bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar
üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir,
məcburi vaksinləmə yoxdur. Səhiyyə Nazirliyi belə də elan edir ki,
bu, yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu
iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət etməyə imkan
verdi. Əlbəttə, belə bir ehtiyatlı optimizm var ki, “omikron”
epidemiyanın sonu ola bilər. Bununla bərabər, başqa versiyalar da
səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül
yeni versiyaları yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu
təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm:
tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, –
vurğulamaq istəyirəm ki, bu komanda təkcə həkimlərdən ibarət
olmamalıdır, – ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış
və çox düzgün ismarıclar vermişik. Bu, öz təsirini göstərib. Bu,
elə mövzudur ki, fürsətdən istifadə edib, hamıya cansağlığı arzu
etmək istəyirəm. Ona görə ki, əlbəttə, bu iki il hamı üçün çox
mürəkkəb olub. Kimlərinsə daha uğurlu sağalmasına baxmayaraq,
təəssüf ki, kimlərinsə müalicəsi nisbətən uğursuz olur, insanlar
vəfat edir. Bizdə də ölənlər olur. Çox ümid etmək istərdim ki, biz
artıq bu bəlanın sonuna yaxınlaşırıq”.

Teqlər: