Neftçalanın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində Neftçala Rayon İcra
Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş
başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi
və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova,
Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil
Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və
rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun Lənkrəran
Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya
şikayətinə baxılıb.

AzerTimes-ın məlumatına görə, hakim Kamil Bəşirovun sədrliyi ilə
keçirilən prosesdə şikayət araşdırılıb və qərar ealn edilib.

Məhkəmənin qərarı ilə şikayət qismən təmin edilib, sabiq icra
başçısı İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya endirilib.

Məhkəmənin qərarı ilə iş üzrə digər təqsirləndirilən Gültəkin
Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8
il 6 aydan 8 ilə endirilib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü
iləsabiq icra başçısı İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il
6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar
Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il
azadlıqdan məhrum edilmişdilər. Hökmlə razılaşmayan
təqsirləndirilən şəxslər apellyasiya şikayəti vermişdilər.

Qeyd edək ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət
Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin
fevralında həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə,
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının
vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin
qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının
fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair
məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata
keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin
vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən
zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və
dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı
cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında
kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı
İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən
sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları
rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb
edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti
başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti
şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli
şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti
ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri
tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini
Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına
məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli
icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli
şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən
alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları,
külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb
edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən
təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin
müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə
səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq
sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər
üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri
aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə
olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb
edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus
əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar
altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının
təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində
davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit
edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə
faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon
Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil
şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət
vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət
Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf
etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu
Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə
təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan
bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma),
311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət
alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan
edilib.

Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra
Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti
başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti
şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər
Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş
həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2,
308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham
verilib.

Teqlər: