Həbsdə olan jurnalist kassasiya şikayəti verib

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən
jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov (Xəttab)
Bakı Apellyasiya Məhkəməsindən kassasiya şikayəti verib.

AzerTimes-ın məlumatına görə, jurnalist şikayətində Ali Məhkəmədən
bəraət istəyib.

Şikayət Ali Məhkəmədə hakim İlqar Qılıcovun icraatına
verilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan
əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni
Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri
vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik
videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və
digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların
yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə
görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən
silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul
vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr
müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət
Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə
ittiham elan edilib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay
müddətə azadlıqdan məhrum edilib.

Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də,
adıçəkilən məhkəmə hökmü qüvvədə saxlayıb.

Teqlər: