MDU əməkdaşları Ankarada Müstəqillik Günü ilə bağlı rəsmi qəbulda iştirak ediblər (FOTO)

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Azərbaycanın
Türkiyədəki Səfirliyinin Ankarada 28 May- Müstəqillik Günü və 26
İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
münasibətilə keçirdiyi rəsmi qəbulda təmsil olunublar.

Qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş
ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik
korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin
görkəmli simaları, azərbaycanlılar iştirak ediblər.

Təntənəli şəkildə təşkil olunan qəbul rəsmi və bədii hissədən
ibarət olub.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov,
Türkiyənin vitse-prezidenti Fuad Oktay və səfirliyimizin nəzdində
Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq
Məmmədov çıxış ediblər.

Sonra, iştirakçılar Azərbaycanın müstəqillik tarixinə, ordu
quruculuğuna və Azərbaycan – Türkiyə münasibətlərinin 30 illiyinə
həsr olunmuş fotosərgi ilə tanış olublar

Bədii hissədə tanınmış azərbaycanlı sənətçilər Elnur Hüseynov,
Etibar Əsədli və Ələfsər Rəhimovun, eləcə də İstanbulda yaşayan
məşhur pianoçu – bəstəkar, Azərbaycanın əməkdar artisti Turan
Manafzadənin, opera sənətçisi Aytən Xanıyevanın ifaları, Ankarada
fəaliyyət göstərən “Xəzər” Azərbaycan xalq rəqsləri qrupunun
ifaları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Səhnədə
Azərbaycanı tərənnüm edən videogörüntülər nümayiş etdirilib.

Qəbulda iştirak edən MDU təmsilçiləri müxtəlif ölkələrin
səfirliklərinin nümayəndələri, dövlət rəsmiləri və sənət adamları
ilə görüşüblər. Qəbulda iştirak etməkdən böyük məmnunluq hissi
keçirdiklərini bildirən universitet heyəti dəvətə və yaradılan
imkanlara görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, hazırda MDU-nun 5 əməkdaşı – Mexanika kafedrasının
müdiri Mahir İsmayılov, Energetika kafedrasının müdiri Ülkər
Aşurova, Tədris şöbəsinin mütəxəssisləri Azad Mirzəbəyov, Elçin
Tağıyev və Karyera və İnkişaf Mərkəzinin (KİM) mütəxəssisi İlhamə
Məmmədova Türkiyənin Qazi Universitetində bir aylıq təlim və
təcrübə keçmək məqsədilə Ankara şəhərinə ezam olunublar.

Teqlər: