Azərbaycan XİN Ermənistan tərəfinin əsassız açıqlamasına cavab verib

“Ermənistan XİN-in Azərbaycan dövlət başçısının 27 may 2022-ci
il tarixində Zəngilan rayonunda səsləndirdiyi çıxışla bağlı növbəti
əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur”.

AzerTimes-ın məlumatına görə, bu
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

İlk növbədə qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq
hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət
yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını
kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq
hüquqa tez-tez istinadlar etməsi maraq doğurur.

Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq
hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə
nümayiş etdirib.

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş
Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan
XİN-in diqqətinə çatdırırıq ki, Azərbaycan dövlət başçısı, məhz
beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə
çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi
təhlükələrlə bağlı xəbərdarlıq edir.

Təəssüf ki, post-münaqişə mərhələsində Ermənistanda bu cür
təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və
bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin
Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır.

Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı
həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyildir. Yalnız
bölgədə yaranmış yeni realıqların və yeni imkanların düzgün şəkildə
dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər.

Teqlər: