Magistraturaya qəbul imtahanı üçün qeydiyyat başlayıb

DİM 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və
AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində
iştirak etmək üçün qeydiyyat elan edir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, magistraturaya
qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların
qeydiyyatı 17 may saat 23:59-dək internet vasitəsi ilə
aparılır.

2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak
etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində
iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına
imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının
müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2)
daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən
bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin
internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi
kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi
kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək
üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış
olmaq mümkündür. Bu bakalavrlar da http://eservices.dim.gov.az/erizemag/erize2səhifəsinə
daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və
təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş)
bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini
bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün
bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən,
ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini
təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış
şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu
müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron
ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz
tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəh., Nəsimi
ray., H.Əliyev küç., 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq
etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən
mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt
səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil
biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2022-ci il mayın
29-da keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi
təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən
açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və
xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı
təqdim olunacaqdır.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt
ayrılır.

Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün həmçinin
qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil
Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini
ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas
magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə
magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul
imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən
bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan
edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və
qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM
tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi
“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə
tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc
ediləcəkdir).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında
göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar
buraxılırlar.

Teqlər: