İş yerini dəyişmək istəyən müəllimlərin vakansiya seçimi başlanılır

Mayın 10-dan Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi
təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin
dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə
başlanılır.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq
olunmuş şəhid ailələrinin üzvləri bu gün saat 11:00-dan etibarən
şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə
bilərlər. İlkin vakansiya seçimi 14 may saat 11:00-dək davam
edəcək.

Müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi
müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin
üzvləri üçün aktivləşdiriləcək. Növbəti mərhələdə isə digər
müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata
keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat
veriləcək.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli
olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi
unutmamaq tövsiyə edilir.

Teqlər: