Kamaləddin Qafarov: İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir

“Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda
Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə,
həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına
çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad
olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici
siyasətə müsbət reaksiyası bir daha sübut edir. Prezident İlham
Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə
bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq
göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya
ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda
inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir.
Prezidentimizin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”
layihəsinin açılışı zamanı dediyi kimi: “Azərbaycan xalqı bundan
sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi
bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli
ləyaqətimizi bərpa etdik”.

Bu sözləri AzerTimes-a açıqlamasında millət vəkili Kamaləddin
Qafarov söyləyib.

Millət vəkili qeyd edib ki, “104 il bundan əvvəl öz
müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində
həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin
etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas
olmalı idi. Lakin o dövrün siyasi reallıqları yenicə qurulmuş bir
dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm
imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq
iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu.
Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim
Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun
sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir
neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq
dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet
hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini
Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə
vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və
Azərbaycan bu problemləri həll etmək gücündə deyildi.

Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi
müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük
dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf
etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.

Ermənistan hərbi, siyasi və iqtisadi cəhətdən hətta orta
səviyyəli dövlət sayıla bilməz, postmünaqişə dövründə gündəliyi
Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk
qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və
aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edir. Qarabağ
diyarının Azərbaycan ərazisi olduğunu bütün dünya təsdiqləyir”.

Millət vəkili bildirib: “Prezident İlham Əliyevin cari ilin 27
may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”
layihəsinin açılışında çıxışında qeyd etmişdir ki, “Böyük qayıdış”
dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə
davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı
kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200
evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Kəndin
genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən
ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi
nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün
xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri
mövcuddur”.

Kamaləddin Qafarov vurğulayıb ki, beynəlxalq hüququn heç də
həmişə obyektiv işləmədiyi indiki zamanda güc amili ön plandadır.
Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq.
Ona görə də əlavə güc toplamalı, daha güclü olmalıyıq. Həm hərbi
qüdrətimizi, həm də iqtisadi gücümüzü daim artırmalıyıq. İqtisadi
güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir.
Doğma Vətənimiz Azərbaycanı daha möhtəşəm, daha yenilməz etmək üçün
onu bu səviyyəyə çatdıran Prezidentimiz İlham Əliyevin ətrafında
daha sıx birləşməli, milli birliyimizi möhkəmlətməliyik.

Teqlər: