Jurnalistlər peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq Vətənin müdafiəsinə qalxmışdılar – Əhməd İsmayılov

Türkiyə və Azərbaycan qardaşlığının parlaq nümunəsi olan bu
toplantımız həm öz daşıdığı yüksək milli-mənəvi dəyəri və praktik
əhəmiyyəti, həm də gələcəyə yönəlik mesajları baxımından strateji
əhəmiyyət daşıyır. Ölkələrimizdə ictimai rəyin düzgün
formalaşdırılması istiqamətində vətəndaş cəmiyyətinin, eyni zamanda
medianın rolu danılmazdır. Bu iki təsisatın birgə əməkdaşlığı,
bir-birini tamamlayan maarifçilik fəaliyyəti nəticəsində
dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı, ictimai
fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur. Bu
baxımdan, bugünkü toplantıdan gözləntilərimiz böyükdür.

AzerTimes-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin
(MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə
QHT-lərinin Əməkdaşlıq Forumunda çıxışı zaman deyib.

O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun
rəşadəti sayəsində Vətən müharibəsində qazandığımız qələbə bütün
sahələrdə olduğu kimi, media ictimaiyyətinin də işində əsaslı dönüş
yaradıb.

“Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə
fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm
Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, geniş auditoriyaya
çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur.

Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsi gedişində
Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı
silaha sarılaraq da Vətənin müdafiəsinə qalxmışdılar. Onların
əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar.
Vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlərimiz də
var və təəssüflə vurğulamaq istərdik ki, Azərbaycan jurnalistləri
birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar.

İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir
çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma
sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan
Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması
istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə
borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və
dəyərli nümunədir”, – deyə Ə.İsmayılov bildirib.

O, 44 günlük Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş
qardaş Türkiyə mediasına təşəkkür borcumuzun olduğunu
vurğulayıb.

“Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan
döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya
çatdırdılar.

Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması
mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə
ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya
sahəsində gücləndirməklə strateji media ortaqlığının
yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq
mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün
məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində
ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı vahid
cəbhədən cavab verəcəyik. Eyni zamanda, türk dövlətlərinin ortaq
mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik.

Əziz dostlar, fürsətdən istifadə edərək vurğulamaq istərdim ki,
hazırda Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönəmini
yaşayır. Cənab Prezident İlham Əliyevin ötən ilin yanvarın 12-də
imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların
dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni
bir mərhələnin bünövrəsi qoyulub. Medianın İnkişafı Agentliyinin
yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq
prosesinin tərkib hissəsidir.

Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi,
jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması,
onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində
mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili,
habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş geniş miqyaslı
layihələr həyata keçirməkdədir. Media sahəsində yeni
informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların
tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai
maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin
dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə
fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA
Agentliyinin əsas prioritetlərindəndir.

Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin
edilməsi bütün media subyektlərinin inkişafı baxımından əlverişli
mühitin yaradılması, eyni zamanda dövlətin jurnalist əməyinə diqqət
və qayğısı bunun bariz sübutudur. Onu da xüsusi vurğulamaq istərdik
ki, geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul
edilmiş, cənab Prezidentin imzaladığı “Media haqqında” Qanun
Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun
rəqabət qabilliyyətini artırmağa, xüsusən də media subyektlərinin
iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfədir.

Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq
auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə
yanaşı jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var.
Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə bizim
səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin,
bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq
aləmi obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı
və sayıqlığımızı artırmalıyıq. Bu yolda hər birinizə uğurlar
arzulayırıq”, – deyə Ə.İsmayılov əlavə edib.

Teqlər: