İsrail 2021-ci ildə 11,3 milyard dollarlıq silah satıb

İsrail 2021-ci ildə 11,3 milyard dollarlıq silah satıb ki, bu da
2020-ci ildəkindən 3 milyard dollar daha çoxdur.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin
mətbuat xidmətindən bildiriblər.

“İsrailin silah ixracı 2021-ci ildə 11,3 milyard dollar təşkil
edərək yeni rekorda imza atıb. İmzalanan yeni müqavilələrin sayı
2020-ci illə müqayisədə 30 faizdən çox artıb”, – deyə Nazirlikdən
bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə İsrailin silah ixracının əsas
hissəsini raketlər, reaktiv mərmilər və hava hücumundan müdafiə
sistemləri (20%), təlim xidmətləri (15%), PUA-lar və pilotsuz
sistemlər (9%), radarlar və radioelektron mübarizə sistemləri (9%),
pilotlu təyyarələr və avionika (9%), müşahidə və optoelektronika
(5%), döyüş modulları və buraxılış qurğuları (7%), nəqliyyat
vasitələri və zirehli daşıyıcılar (7%), rabitə sistemləri (6%),
kəşfiyyat və kiber sistemlər (4%), döyüş sursatları (4%) təşkil
edib.