İmişli sakinlərindən 160 min manat ələ keçirən “iş adamı” saxlanılıb

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların
etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin
ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış
tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, Sabirabad rayon sakini olan bir qadın İmişli Rayon
Polis Şöbəsinə müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər
adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev
verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 37108 manat olan
iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət
əşyalarının və 4900 manat pulunu ələ keçirdiyini bildirib.

RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri
nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu
Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov
saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən
əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin
də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş
iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120600 manat
maddi ziyan vurub.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar
aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Əgər A.Qafarovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa
DİN-in “102” xidmətinə, həmçinin İmişli RPŞ-nə müraciət etmələri
xahiş olunur.

Teqlər: