Özəl təhsil sahəsində yeni assosiasiya yaradılıb

Özəl təhsil sahəsində yeni assosiasiya – Azərbaycan Özəl Təhsil
Müəssisələri Assosiasiyası yaradılıb.

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasından AzerTimes-a
bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
dəstəyi ilə yaradılmış assosiasiyanın məqsədi Azərbaycanda
fəaliyyət göstərən özəl təhsil müəssisələri arasında səmərəli
əməkdaşlığı təmin etmək, ölkəmizdə özəl təhsil sektorunun və yüksək
rəqabətli insan kapitalının inkişafına töhfə verməkdir.

Assosiasiya özəl təhsil müəssisələri arasında səmərəli
əməkdaşlığın inkişaf etdirilməsi, sektorun rəqabətliliyini təmin
etmək məqsədilə özəl təhsil müəssisələrinin fəaliyyətinin
genişləndirilməsi, ümumi bazar payının və müvafiq sahədə
çalışanların peşəkarlıq səviyyəsinin arıtılması üçün bazar
araşdırması, sektoral tədqiqatlar, təlimlər həyata keçirəcək, kadr
hazırlığının təmin olunmasına dəstək göstərəcəkdir. Assosiasiya bu
tədbirlərin reallaşdırılması üçün dövlət və qeyri-dövlət qurumları
ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Hazırda assosiasiyanın 20 üzvü var. Assosiasiya digər özəl
təhsil müəssisələrini də birgə əməkdaşlığa dəvət edir.

Qeyd edək ki, mayın 31-də KOBİA-nın dəstəyi və Agentlik yanında
İctimai Şuranın təşkilatçılığı, eləcə də təhsil naziri Emin
Əmrullayevin, müvafiq dövlət qurumlarının və özəl təhsil sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təqdimatı
keçirilib.

Teqlər: