İlahiyyat İnstitutunun rektoru Rusiya Federasiyasında səfərdə olub (FOTO)

Xəbər - AzerTimes6

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil
Şirinov Bolqar İslam Akademiyasının (BİA) dəvəti ilə İdil
bulqarlarının İslam dinini qəbul etmələrinin 1100 illiyinə həsr
olunmuş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Rusiya
Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində səfərdə
olub.

A.Şirinov “Rusiya müsəlmanlarının ilahiyyat irsi” mövzusunda IV
Beynəlxalq Bolqar Forumunda “Azərbaycanda ali din təhsili və
dövlətin dinə qayğısı” mövzusunda məruzə ilə çıxış edib. Aİİ
rektoru məruzəsində Azərbaycanda din təhsilinin tarixindən bəhs
edərək bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ali dini
təhsil yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin
2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu
(Aİİ) yaradıldı və bununla da ölkəmizdə ali dini təhsil yeni
mərhələyə qədəm qoydu”.

Ölkəmizdə ali dini təhsil verən yeganə müəssisə olan Azərbaycan
İlahiyyat İnstitutu haqqında məlumat verən rektor bildirib ki,
yüksək elmi təfəkkürə malik olan, milli-mədəni irsi anlayıb
dəyərləndirməyi bacaran, mövcud problemlərə dair həll yolları irəli
sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar
hazırlamaq Aİİ-nin qarşısında duran məqsədlərdəndir.

Dövlətin dinə münasibətindən bəhs edən A.Şirinov bu sahədə
görülən işlər, həyata keçirilən tədbirlər haqqında da geniş məlumat
verib.

Aİİ rektoru Aqil Şirinov səfər çərçivəsində Bolqar İslam
Akademiyasının rektoru vəzifəsini icra edən Aynur Timerxanovla
görüşüb. Görüşdə Azərbaycan İlahiyyat İnstitutu və BİA arasında
əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi,
konfrans və seminarların təşkili, müəllim və tələbə mübadiləsi
proqramlarının reallaşdırılması məsələləri müzakirə edilib.

Teqlər: