İlahiyyat İnstitutu İstanbulda Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri keçirir (FOTO)

Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun
(Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə
əlaqədar silsilə anım tədbirləri keçirilir.

Mehmet Akif Ersoy Sanat Mərkəzində Azərbaycan İlahiyyat
İnstitutu, Türk Ocaqları İstanbul Şöbəsi, Türk Ocaqları Derneği
Pendik Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai
Birliyinin birgə təşkilatçılığı ilə növbəti anım tədbiri baş
tutub.

Anım mərasimində ali təhsil müəssisəsinin nəşr etdirdiyi “Geriyə
baxma” kitabının təqdimat mərasimi təşkil olunub.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
ehtiram sükutu ilə yad edilib, Daha sonra Azərbaycan və Türkiyə
respublikalarının dövlət himnləri səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Türk Ocaqları Derneği Pendik
Şöbəsinin müdiri Ahmet Kara Xocalı soyqırımının Türkiyədə böyük
kədər, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul
edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da
unudulmayacaq, insanlarımızın qəlbində yaşayacaq.


Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə
fəlsəfə doktoru Mirniyaz Mürsəlov Xocalıda baş vermiş soyqırımı
faktlarını diqqətə çatdırıb. İnsanların xüsusi amansızlıqlarla –
qadın, qoca, uşaq demədən – qətlə yetirildiklərini bildirib.
Vurğulayıb ki, tarixboyu ermənilər türk-müsəlman əhalisinə qarşı
düşmən münasibətində olub. Xocalıda baş vermiş qətliamın təsadüf
olmadığını vurğulayan prorektor bildirib ki, beynəlxalq səviyyədə
qəbul edilmiş normativlər deməyə əsas verir ki, Xocalı hadisələri
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram tarixboyu
ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə
qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti,
həmçinin Xocalı faciəsi haqqında bəhs edib. Cezmi Bayram bu qanlı
hadisənin dünya miqyasında tanıdılmasının vacibliyini
vurğulayıb.

“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri
Səriyyə Cəfərova tədbirdə çıxış edərək, müəllifi olduğu “Geriyə
baxma” kitabı haqqında məlumat verib. Qeyd edib ki, əsər 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən
törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613
nəfər şəhid olmuşdur – onlardan 70 nəfəri ahıldır. Müəllif
vurğulayıb ki, bu insanların faciəli həyatı kitabda öz əksini
tapıb.

Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ
Azərbaycandır” sənədli filminin nümayişi olub.

Teqlər: