İlahiyyat İnstitutu Gəncə şəhərində abituriyentlərlə görüş təşkil edib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili
üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin
cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində
yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün
maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam
etdirir. İnstitut heyətinin növbəti səfəri Gəncə şəhərinə olub.

Tədbirdə Aİİ-nin fəaliyyəti, tədris olunan ixtisaslar və qəbul
qaydaları barədə ətraflı məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi
üzrə şöbə müdiri Həsən Məmmədov giriş nitqi ilə çıxış edərək,
ölkəmizdə gənclərin zəngindünyagörüşlü, milli-mənəvi dəyərlər
ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün İlahiyyat
İnstitutunda lazımi şəraitin yaradıldığını bildirib.

H.Məmmədov bildirib ki, dünyanın bəzi ölkələrində dini-siyasi
qarşıdurmalar və iğtişaşlar hökm sürdüyü bir zamanda, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin multikultural və
həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi
məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlıq yüksək
səviyyədədir.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov
ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük
önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham
Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan
İlahiyyat İnstitutunun yaradılması, eyni zamanda, ali təhsil
müəssisəsinin yeni inzibati binasının açılış mərasimində ölkə
başçısının şəxsən iştirakı bunun bariz nümunəsidir. İnstitutun yeni
binasında tələbələr üçün lazımi şərait yaradılıb.

M.Mürsəlov ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında
da ətraflı məlumat verərək qeyd edib ki, Aİİ-yə qəbul olunan hər
abituriyent ödənişsiz təhsil və digər imtiyazlardan tam
yararlanacaq.

İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının
müəllimi Ənvər Mustafayev Aİİ-də ərəb dilinin tədrisi haqqında
geniş məlumat verib. Daha sonra ali təhsil müəssisəsində tədris
olunan ərəb dili dərslikləri, tələbələrin fənni mükəmməl
mənimsəmələri üçün təşkil olunan əlavə pulsuz dərslər və kurslar
barədə ətraflı danışıb. Ə.Mustafayev bildirib ki, İnstitut
kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi
biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri
istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova
ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil
olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib.
O, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən
yay və qış məktəbləri haqqında ətraflı danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti
dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı,
həmçinin ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş
etdirilib.

Teqlər: