İkinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi davam edir (FOTO)

Aprelin 24-də “Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər üzrə
onlayn imtahan”ı keçirilib. İştirakçıların istənilən məkandan
onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki
sessiyada təşkil edilib.

“Ümumi biliklər üzrə onlayn imtahan” da 7294 iştirakçı iki
sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya
ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin
hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə
aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat
vaxt ayrılıb. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış Çağrı
Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər
cavablandırılaraq, iştirakçılara dəstək göstərilib. Qeyd edək ki,
ikinci “Yüksəliş” müsabiqəsində iştirak üçün 12299 namizəd müraciət
edib. Onlardan 12253-ü Onlayn mərhələdə iştirak haqqı qazanıb.

Namizədləri qarşıda onlayn mərhələnin “Qabiliyyət imtahanı”
gözləyir. “Qabiliyyət imtahanı”da testlər abstrakt düşüncə,
rəqəmsal məlumatlarla işləmək bacarığı verbal məlumatlarla işləmək
bacarığı olmaqla 3 blok üzrə aparılacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi
rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət
xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr
ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı
gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Teqlər: