Bədii gimnastika üzrə FIG Dünya Kuboku qala-şou ilə yekunlaşıb

Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə FIG Dünya Kuboku başa çatıb.

AzerTimes-ın
məlumatına görə, bağlanış mərasimində tamaşaçılara qala-şou təqdim
olunub.

Həm Azərbaycan, həm də əcnəbi idmançılar nümunə çıxışlarını
təqdim ediblər. Gimnastlar öz çıxışlarında idmanla incəsənətin
harmoniyasını nümayiş etdiriblər. Onlar bədii gimnastikanın bütün
gözəlliklərini və zərifliyini nümayiş etdirdilər.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Arzu Cəlilova və
Zöhrə Ağamirova, o cümlədən Güllü Ağalarzadə, Ləman Əlimuradova,
Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria
Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edib.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının gümüş, bu gün isə beş
halqa ilə hərəkətdə qızıl medalını qazanıb.

Teqlər: