Bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması üçün çalışırıq – Türkiyə XİN

1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq
hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil. Buraya ABŞ
prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan
bugünkü uğursuz bəyanatı da daxildir. Tarixi faktları siyasi
şərhlərlə saxtalaşdıran bəyanatları və qərarları rədd edir, bu
səhvdə israr edənləri qətiyyətlə qınayırıq.

AzerTimes-ın
məlumatına görə, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin
mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlamada diqqətə çatdırılıb ki, tarixdə düşmənçilik
yaratmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli və
qərəzli yanaşmalar mənəvi baxımdan problemlidir və siyasi motiv
daşıyır. Türkiyə ermənilər də daxil olmaqla, bütün Osmanlı
əhalisinin çəkdiyi əziyyətləri hörmətlə xatırlayır. Biz bu ağrıları
siyasiləşdirmək cəhdlərini rədd edirik. Türkiyə bu fikirdədir ki,
1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrləri qərəzsiz,
elmi-hüquqi prinsiplər çərçivəsində araşdırılmalıdır. Türkiyə bu
məqsədlə müştərək tarix komissiyasının yaradılmasını təklif etdi və
bütün arxivlərini açdı. Türkiyə bölgədə və dünyada sülh və
sabitliyin olması, əməkdaşlıq ruhunun ön plana çıxması üçün
çalışır. Ermənistanla başlayan normallaşma təşəbbüsü də bu
konsepsiyanın növbəti təzahürüdür.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ilə əlaqədar
Türkiyə Ermənilərinin Patriarxı Maşalyana ünvanlandığı mesajda
ağrıları böyütmək əvəzinə, gələcəyi birlikdə qurmağın vacibliyini
bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə
hesabında mövzu ilə paylaşımda bu məsələdəki ikili standartları
kəskin qınayıb.

Teqlər: