İki il əvvəl İsmayıllıda tapılan naməlum insan skeletinin kimliyi müəyyənləşib və qatillər həbs olunub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki
illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Trend xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər
Nazirliyinin yaydığı birgə məlumata əsasən, 28 mart 2020-ci il
tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar
edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq
aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin
(şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat
dayandırılıb.

Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilmiş və iş
üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə
istintaqın davam etdirilməsi Kriminalistika və informasiya
texnologiyaları idarəsinə həvalə olunub.

Aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri
nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il
təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib.

Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar
İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad
Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu
narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə
yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hundai”
markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu
ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə
boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək
məqsədilə sonuncunun meyitini İsmayıllı rayonunun Tubu kəndinə
apararaq orada yandırıblar.

Toplanmış mötəbər sübutlar əsasında Ümidvar İbişov və Elvin
Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan
edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət
mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Teqlər: