Heydər Əliyev Fondu uşaqların hüquqlarının müdafiəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir – Deputat

Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını yaşadan Heydər
Əliyev Fondu uşaqların hüquqlarının müdafiəsi istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirir. Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum
olmuş uşaqlara diqqət və qayğı göstərilməsi məqsədinə xidmət edən
çoxsaylı təşəbbüslərə daim dəstək verir. Çünki uşaqlara münasibət
hər bir ölkənin öz gələcəyinə münasibətidir.

Bunu AzerTimes-a
açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondunun
həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı”
proqramı çərçivəsində 40-dan çox uşaq müəssisəsinin əsaslı şəkildə
yenidən qurulduğunu xatırladan millət vəkili bildirib ki, bu
tədbirlərin məqsədi uşaqları qayğı ilə əhta etməkdir.

“Yenidən qurulan uşaq müəssisələri müasir avadanlıqla təchiz
olunub, əlavə yardımçı binalar tikilib. Qeyd etdiyim bu proqram
çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan
qızlar üçün yaşayış binaları inşa edilib. “Məzun evi” kimi
fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin
olunub”, – deyə deputat qeyd edib.

S.Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların
sağlamlıqlarının bərpasına dəstək Heydər Əliyev Fondunun əsas
fəaliyyət istiqamətlərindən biridir. O qeyd edib ki, daun sindromlu
uşaqların, talassemiya xəstəsi olan uşaqların müalicəsinə Heydər
Əliyev Fondu tərəfindən davamlı dəstək verilir.

Millət vəkili vurğulayıb ki, uşaqlara göstərilən diqqət və qayğı
dövlətin öz vətəndaşına həssas münasibətini ifadə etməklə yanaşı,
onun gücünün, insani dəyərlərə sədaqətinin göstəricisidir.

Teqlər: