İdxal olunan qida məhsulları üzərində Azərbaycan dilində məlumatların olması zəruridir – Agentlik

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində
(AQTA) qida məhsullarının əsas idxalçıları ilə videokonfrans
formatında görüş keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, idxal edilən
yeyinti məhsulları üzrə qablaşdırma və etiket tələbləri mövzusuna
həsr olunan tədbirdə iştirakçılara yeyinti məhsullarının minimum
keyfiyyəti və təhlükəsizliyinin təmin edilməsi, qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl
olunması və bu sahədə dövlət nəzarəti funksiyalarının həyata
keçirilməsi istiqamətində aparılan işlər haqqında geniş məlumat
verilib. Eyni zamanda idxal olunan qida məhsullarının etiketlənmə
və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla
müəyyənləşdirilmiş digər tələblərə uyğunluğu, bu tələb və qaydalara
ciddi şəkildə əməl olunması, xüsusilə idxal olunan qida məhsulları
üzərində etiket məlumatlarının Azərbaycan dilində əks olunmasının
zəruriliyi bildirilib.

AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdiri Fərid Əliyev
qeyd edib ki, Agentlik tərəfindən mütəmadi həyata keçirilən nəzarət
tədbirləri zamanı, həmçinin istehlakçılardan daxil olan şikayətlər
əsasında bəzi ölkələrdən idxal edilən qida məhsullarının
ekspertizası nəticəsində etiket qaydalarının tələblərinə əməl
olunmadığı müəyyənləşib və bununla əlaqədar son zamanlar bu
istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib.

Görüşdə sahibkarlara qanunvericiliyin digər tələbləri ilə
yanaşı, qida məhsullarının qablaşdırılması və etiketlənməsinə dair
tələblərə daha məsuliyyətlə yanaşmalarının vacibliyi vurğulanıb və
istehlakçı hüquqlarının pozulması hallarına yol verilməməsi diqqətə
çatdırılıb.

Teqlər: