İcra hakimiyyəti binasının tikintisinə ayrılan vəsaitin 30 faizini Vilyam Hacıyevə verdim – Şirkət nümayəndəsi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq
icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən, İmişli Rayon İcra Hakimiyyəti
inzibati binasının tikintisini həyata keçirən direktor müşaviri
Səyalə Səfərova bildirib ki, binanın tikintisi üçün təmsil etdiyi
NTC Company MMC-ə 4 milyon manat pul köçürülüb.

“Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı
olduğunu dedi. Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı
bildirdim. Vilyam Hacıyev məni işi əlimdən alacağı ilə hədələdi.
Məcbur qalıb 30 faizə razılaşdım.”

Şahid şirkətin bank hesabına köçürülən 4 milyon manatı çıxarmaq
üçün səlahiyyəti olmadığını deyib.

Səyalə Səfərovanın dediyinə görə, aparılan işlər üçün nağd
vəsaitdən istifadə olunub.

Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev Səyalə
Səfərova ilə hər hansı bir müqavilə bağlamadıqlarını bildirib.

Prosesdə təqsirləndirlilən şəxsin vəkili vəsatət qaldıraraq
tikinti işini aparan şirkətin direktorunun məhkəmədə ifadə
verməsini tələb edib. Vəkil həmçinin şahidin bugünə qədər verdiyi
ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Növbəti proses fevralın 25-ə təyin olunub.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam
Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial
yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə
ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə
sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların
verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə
etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış
evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və
yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon
icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları
vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair
müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada
qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb
edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı
olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində
dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış
binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev
tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı
şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə
cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı
kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ
keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti,
abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni
inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən
hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı
şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli
şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət
orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif
adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar
əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət
Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf
etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni
vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz
qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq
istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə
etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq
həbs qətimkan tədbiri seçilib.

Teqlər: