Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilib (FOTO)

Mayın 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və
gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Heydər Əliyev
Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional
İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən
konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanı ziyarət edərək ulu
öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olan iştirakçılara ulu
öndərin siyasi fəaliyyəti, zəngin irsi barədə geniş məlumat
verilib.

Ölkəmizdə fəaliyyət göstərən gənclər və könüllü təşkilatlarının
nümayəndələrinin iştirakı ilə keçirilən konfrans ulu öndərin həyat
və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filminin nümayişi
ilə davam edib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərov, AMEA-nın Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad
Məmmədov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və
təbliği departamentinin Heydər Əliyev Muzeyi şöbəsinin müdiri Rəna
Məmmədova və “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və
könüllülərlə iş şöbəsinin müdiri Hüseyn Abdullayevin çıxışları
dinlənilib.

Çıxışlarda bildirildi ki, ölkəmizdə gənclər siyasətinin əsasının
qoyulması ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin
bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycanda gənclər
siyasəti hər gəncin vətənpərvərlik, dövlətçilik prinsipləri
əsasında, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi, eyni
zamanda ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişməsi, cəmiyyətin
ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakının təmin
edilməsi, intellektual və yaradıcılıq potensialının artırılması
kimi vacib məsələləri özündə ehtiva edir. Ümummilli liderin
gənclərlə iş sahəsində qəbul etdiyi dövlət proqramları, imzaladığı
fərman və sərəncamlar gənclərin ölkənin ictimai-siyasi həyatında
fəal iştirakını günü-gündən artırmış, onların gələcək inkişafı üçün
geniş imkanlar açmışdır. Həmçinin diqqətə çatdırıldı ki, Ümummilli
liderin siyasi kursunu müasir dövrün tələblərinə uyğun olaraq
layiqincə davam və inkişaf etdirən cənab Prezident İlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət
gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin
ictimai-siyasi həyatda və dövlət idarəçiliyində məsul vəzifələrdə
iştirakını təmin etmək, onların sosial-iqtisadi problemlərinin
həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi
tədbirlər həyata keçirilir. Məhz gənclərə göstərilən yüksək diqqət
və qayğı nəticəsində bu gün ölkədə bilikli, bacarıqlı, geniş
dünyagörüşlü, vətənpərvər, xalqına, dövlətinə bağlı gənclər ordusu
yetişib. Ali Baş Komandanın da qeyd etdiyi kimi, məhz həmin gənclər
44 günlük Vətən müharibəsində Böyük zəfər qazanaraq, torpaqlarımızı
düşmən işğalından azad etdilər. Azərbaycanın gücünü, Azərbaycan
gəncinin nəyə qadir olduğunu, birlik və bərabərliyini dünyaya
nümayiş etdirdilər. Bütün bunlar ölkədə düzgün həyata keçirilən
gənclər siyasətinin məntiqi, uğurlu nəticəsidir.

Çıxışçılarda həmçinin, ölkəmizin parlaq gələcəyi naminə
gənclərin ulu öndərin və cənab Prezidentin siyasi kursuna sadiq
qalaraq, onlar üçün yaradılan imkanlardan yararlanaraq özlərini
inkişaf etdirməyə, Ümummilli lider Heydər Əliyevin zəngin irsinin,
dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi,
tədqiqi və geniş təbliği, ölkəmizin tarixi, mədəniyyəti,
incəsənəti, adət-ənənələri və digər milli-mənəvi dəyərlərinin
ölkəmizdə və xaricdə tanıdılması, elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ekologiya və digər sahələrdə layihələrin həyata
keçirilməsində təşəbbüskarlığın artırılması, bu istiqamətdə
ölkəmizdə fəaliyyət göstərən bütün gənclər və könüllü təşkilatları
birgə səylərin artırılmasına çağırdılar.

Teqlər: