Heydər Əliyev epoxası Azərbaycan tarixinin milli intibah dövrü kimi xarakterizə olunur – Sevil Mikayılova

Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq,
yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf
istiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli
intibah dövrü kimi xarakterizə olunur.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, uzunillik misilsiz xidmətləri ilə xalqın böyük
etimad və məhəbbətini qazanmış Ulu Öndər milyonlar üçün Böyük
Xilaskar oldu.

“Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər
Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə
qoyuldu.

1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq
Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ilk
növbədə ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf
strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi.
Zamanın ağır və sərt sınaqlarına vüqarla sinə gərən müstəqil
Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və
siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə
başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik
ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı.
Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin
demokratik əsaslarla inkişafı üçün lazımı mühit formalaşdırdı.

Heydər Əliyev söyləmişdi: “Demokratiya insanların şüurunda
dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu
ilə, tədricən gedir”. Dövrünün fenomenal siyasi xadimi, dünya
siyasətinin nadir şəxsiyyətlərindən olan Ulu Öndərin fikri bugün
narahat dünyamızda baş verən bir çox siyasi gərginliklər fonunda
necə də aktualdır! Danılmazdır ki, şəxsiyyətlərin gücü, siyasi
iradəsi və müdrikliyi mənsub olduğu xalqın və onun yaratdığı
dövlətin həyatında həlledici rol oynayır. Ulu Öndərin ən böyük gücü
dərin və hərtərəfli biliyində, qətiyyətində, işgüzarlığında,
qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və
müdrikliyində idi. Kamil siyasətçi və dövlət xadimi olaraq Ulu
Öndər bir daha sübut etdi ki, cəmiyyət kənar təsirlərin və
təzyiqlərin deyil, məhz ictimai-siyasi və sosial tələbatı və buna
uyğun olaraq intellektual təkamülü əsasında arzuolunan tərəqqini
təmin edə bilər”, – deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanda fikir plüralizmi və söz
azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə
demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin əsas
iqtiqaməti oldu.

“Milli mətbuatın məhz demokratik əsaslarla inkişafı gənc
müstəqil dövlətin dünyəvi dəyərlərə yiyələnməsi baxımından vacib
addım idi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli
“Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə
kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi.
Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş
Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu.

Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və
qayğı ilə yanaşırdı. Milli mətbuatın inkişafına göstərilən dəstəyə
görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu”
mükafatına layiq görülmüşdü. Media sahəsində aparılan institusional
təşəbbüslər milli mətbuatın davamlı, müasir və inteqrasiyalı
inkişafına səbəb olmuşdur. Bu gün də, müasirləri Ulu Öndəri
jurnalistlərin Dostu kimi böyük hörmətlə xatırlayır, onu milli
mətbuatımızın təəssübkeşi və qayğıkeşi kimi anırlar”, – deyə
S.Mikayılova əlavə edib.

Deputat qeyd edib ki, azərbaycançılıq məfkurəsinin yaradılması
Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin mühüm
komponenti idi.

“Belə ki, məhz dahi liderin formalaşdırdığı və inkişaf etdirdiyi
azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını
təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm
zəmin yaratmış oldu.

Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində
yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan
azərbaycanlıları öz ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir
həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.

99-cu ildönümündə Ulu Öndər Heydər Əliyevi dərin ehiramla yad
edərək qürurla söyləyirik ki, dahi liderin siyasətini uğurla davam
etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız
Zəfər və yeni reallıqlarda Azərbaycanın dünyanın siyasi xəritəsində
sahibləndiyi nüfuz sayəsində azərbaycanlı olmaq həqiqətən bir
fəxarətdir!

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi
Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident
İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli
dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.

Bu gün Şuşada qürurla dalğalanan milli bayrağımız bu uğurlu
strategiyanın məntiqi nəticəsidir”, – deyə deputat bildirib.

Teqlər: