Həyat yoldaşımı feministlərə qoşulduğu üçün öldürmüşəm – Təqsirləndirilən şəxs

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını
qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə
keçirilən prosesdə qətlə yetirilən Sevinc Qarayevanın atası Yalçın
Məhərrəmov bildirib ki, qızı ailə qurandan sonra həmişə ərindən
narazılıq edib.

“Ailə qurandan 3 ay sonra ailədə narazılıqlar başlayıb. Tez-tez
mübahisə olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Qızımın
şəraiti yox idi. Bu da evdə söz-söhbətlər yaradırdı. Axırıncı dəfə
oğlanın işi polisə verilmişdi. İşi polisdə idi. Yəqin ki ona görə
öldürüb qızımı. Qızım qətlə yetiriləndə rayonda idim, toya
getmişdim. Zəng vurdular ki, qızını qətlə yetiriblər. Mən də
gəldim”, – zərərçəkmiş deyib

Təqsirləndirilən şəxs Füzuli Qarayev isə bildirib ki,
zərərçəkmişlər yalan danışır:

“Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra
qaçıb getmişdi atasının evinə. Dedi darıxıram. Bir müddətdən sonra
qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə
evdən qaçdı getdi. Axtardım tapmadım. Axırıncı dəfə də evdən
qaçanda qayınatamı zəng edib çağırdım. O da gəldi, axtardıq, tapa
bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün
o qız ölüb. Mən də dedim mən niyə öldürürəm”?

Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova bildirib ki, qızı
ailə qurandan problem yaşayıb.

“Həmişə evində qırğın-dava olurdu. Uşaqlarla qorxudurdu ki,
gəlməsə, uşaqları öldürəcəm. Qızım qaçıb ya bizə gəlirdi, ya
xalasıgilə. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb.
Mənə çox söz demirdi, bacıları ilə danışırdı, dərdini onlara
deyirdi.

Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında pis
döyülmüşdü. Sevinc gəldi bizə, bədəni gömgöy idi. Bir neçə gün
qaldı bizdə. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox,
mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını
bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürüldü. Qızımı
hədələyirdi ki uşaqları öldürəcəm. O da qorxurdu”, – deyə
M.Məhərrəmova deyib.

Mərhumənin anası qızının feministlərə qoşulmasının normal hal
olduğunu deyib: “Feministlər qızıma köməklik edirdilər. Onun ailə
problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis
yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox”.

Təqsirləndirilən şəxs F.Qarayev bildirib ki, onun həyat
yoldaşını yoldan çıxarıblar: “Mənim həyat yoldaşımı xalası qızı
yoldan çıxarıb feministlərə qoşub. Qayınanam öz qızını oğurluğa
vadar edib. Özü qızı ilə birlikdə Optimal marketdən oğurluq edib.
Bunun tərbiyə verdiyi qız bundan artıq olmayacaq ki?. Yoldaşım
feministlərə qoşulduğundan məni saymırdı, qətlin səbəbi də
budur”.

Zərərçəkmişin qonşusu Əli Həmidov bildirib ki, Füzuli həyat
yoldaşını qətlə yetirəndən sonra onlara gəlib: “Əl-üzünü yuyandan
sonra polisə zəng vurdu ki, yoldaşımı qətlə yetirmişəm. Polis də
gəldi apardı.

Tez-tez gəlib bizdən soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi
ki, evdə yoxdur, hara qaçıb bilmirəm. Deyirdi ki, Sevinc
feministlər qoşulub, onların yanına qaçır tez-tez. 10 ildir ki,
Fizulini qonşu kimi tanıyıram. Gəlib-gedirdilər bizə, biz də
gedirdik. Amma bilmirdim evində problem olmasını. Hadisə olandan
sonra bilmişəm ki, ailədə münaqişə olurmuş. Füzulini ömrü boyu dava
edən görməmişəm. Qonşulardan heç kim ondan şikayət etməyib”.

İttihama görə, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi
ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri
tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla
müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının
aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal
Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal
Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu
bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya
çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət
yetirmə) maddələri ilə cinayət işi başlanılıb.

Teqlər: