Bakıda akrobatika gimnastikası üzrə Dünya çempionatı çox gözəl təşkil olunub – Macarıstan idmançıları

Xəbər - Cani Babayeva – Trend:

Bakıda akrobatika gimnastikası üzrə Dünya çempionatı çox gözəl
təşkil edilib, biz burada olmaqdan məmnunuq.

Bunu Trend
yarışların iştirakçıları, Macarıstan gimnastları Darina Bernat və
Noemi Stattner deyib.

“Təsnifatda birinci çıxışımız pis olmadı. Biz bir qədər
həyəcanlı idik və bu, proqramımızda özünü göstərdi. Ümid edirik ki,
növbəti proqramlarda emosiyalarımıza üstün gələ biləcəyik.
Yarışlara hazırlıq yaxşı keçib, məşqlər zamanı elementləri işləyə
bildik. Bakıda dünya çempionatında iştirakdan məmnunuq”, – deyə
gimnastlar bildirib.

Onlar qeyd edib ki, akrobatika gimnastikası ilə 10 ilə yaxın
məşğul olurlar.

“Əvvəlcə bədii gimnastikaya gəldik, amma sonra məşqçinin
tövsiyəsi ilə akrobatikaya keçdik”, – idmançılar deyib.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: