Hərəkət etməkdə çətinlik, titrəmə və ağrı – Parkinson xəstəliyi necə yaranır?(Müsahibə)

Aprelin 11-i Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə
Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir. Xəstəliyi
təsvir edən ingilis alimi Ceyms Parkinson XIX əsrin əvvəllərində
onu “titrəyən iflic” adlandırmışdır. Parkinson mərkəzi sinir
sistemində dopamin neyronlarının azalıb yox olması ilə inkişaf
edir. Dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan bu
xəstəliyə daha çox yaşlı insanlarda rast gəlinir. Mərkəzi Gömrük
Hospitalının həkim-nevroloqu Arzu Məhərrəmova Parkinson
xəstəliyinin yaranma səbəbləri və müasir müalicəsinə dair
suallarımızı cavablandırıb.

Arzu xanım, parkinson xəstəliyi necə yaranır? Bu xəstəliyin
əmələgəlmə səbəbləri nələrdir?

Parkinson xəstəliyi beyində yerləşən substansia nigra (qara
maddə) adlanan hissəsində dofamin sintez edən neyronların öldüyü
zaman yaranır. Bu neyronlar normal olaraq beyin hüceyrələri
arasında əlaqə yaranmasında rol oynayan dofamin adlanan
neyrotransmitteri istehsal edir. Bu hüceyrələr öldükcə dofaminin
sintezi azalır. Beynin bu sahəsi hərəkətləri idarə eden mərkəzdir.
Dofaminin azalmasi parkinsonlu xəstələrdə hərəkət pozulmalarına
səbəb olur. Parkinson xəstəliyi əllərin titrəməsi, hərəkətlərin
azalması və yavaşlaması, əzələlərdə sərtlik, postural reflekslərdə
azalma (tarazlıqda dayanmada çətinlik, yıxılma) kimi simptomları
olan, yavaş inkişaf edən neyrodegenerativ xəstəlikdir.

Parkinson xəstəliyinin qarşısını necə almaq olar?

Sadəcə Parkinson xəstəlikləri deyil, bütün neyrodegenerativ
beyin xəstəliklərindən qorunmaq üçün düzgün, sağlam və
balanslaşdırılmış qidalanma seçilməli, zərərli vərdişlərdən,
konservantlardan, emal edilmiş qidalardan uzaq durmaq lazımdır.
Belə ki, Parkinson xəstəliyinin qarşısını almaq və mümkün olan
maksimum sağlamlığı inkişaf etdirmək üçün xəstələr müntəzəm olaraq
sağlam pəhriz saxlamalıdırlar. Rasional yaşıl tərəvəzlər, meyvələr,
tərkibində vitaminlər, zülallar, minerallar, antioksidantlar və
sağlam yağlar olan qida növlərindən ibarət olmalıdır. Gün ərzində
2-3 saat aralarla az miqdarda yemək qəbulu tövsiyə olunur. Gün
ərzində lif və bol su (2-2,5 lt) qəbul edilməlidir. Yuxu insan
beyninin öz funksiyalarını düzgün yerinə yetirməsi və Parkinson
xəstəliyinin qarşısının alınması üçün çox vacibdir. Parkinson
xəstəliyinin qarşısını almaq üçün tibbi müayinə və müalicələri
vaxtında etmək lazımdır.

Daha çox hansı yaşda olan insanlar bu xəstəliyə tutulur?

Yaşlanma bütün neyrodegenerativ xəstəliklər üçün risk
faktorudur. Parkinson xəstəlikləri üçün isə ortalama başlanğıc yaşı
60-dır. Bu problem 60 yaşdan yuxarı əhalinin 1%-ni əhatə etdiyi
halda, 85 yaşın üzərindəki insanlarda 5%-ə qədər yüksəlməkdədir.
Kişilərdə bu xəstəliyə qadınlara nisbətən daha çox rast
gəlinir.

Parkinson xəstəliyinin ilkin əlamətlərini necə ayırd etmək
olar?

Xəstəliyin erkən simptomları– qoxuda azalma və ya qoxu itməsi,
yuxu pozğunluğu, depresiya kimi simptomlarla özünü göstərir. Bu
erkən əlamətlər çox zaman diqqətdən qaçmaqdadır. Həkimə müraciət
edərkən əsasən hərəkət etməkdə çətinlik, titrəmə, ağrı kimi
əlamətlər qeyd olunur.

Son illər Parkinson xəstəliyinin müalicəsində hansı müasir və
innovativ metodlar tətbiq olunur?

Parkinson inkişaf edən, zaman keçdikcə daha çox simptomlarla
özünü göstərən və xəstənin vəziyyətini ağırlaşdıran bir
xəstəlikdir. Doğru müalicə və təqib sayəsində bir çox xəstə uzun
müddət normal həyatına davam edə bilər. Erkən müalicə ilə
xəstəliyin gedişatını yavaşlatmaq mümkündür. Bu xəstəlikdə cərrahi
müalicə ( dərin beyin stimulasyonu, levodopa infüzyonu və digər
cərrahi müdaxilələr) formaları mövcud olsa da, bu, ilkin seçiləcək
yol deyil. Xəstəlik nəzarət edilə bilmirsə və ya dərman ilə yan
təsir ortaya çıxırsa, o zaman cərrahi yol seçilə bilər. Müalicə
zamanı əsas prinsip hər xəstəyə eyni müalicə deyil, xəstəliyin
simptomlarına və onun hansı mərhələdə olmasına, eləcə də yaş və
yanaşı xəstəliklərə görə fərqli üsuallar tətbiq etməkdir.

Xəstəliyin yaranmasında genetik faktorlar nə dərəcədə rol
oynayır?

Xəstələrin 5-10%-ndə genetik faktorlar, ailədən keçid formaları
görülməkdədir. Pasiyentlərin əksər hissəsində bu epigenetik
faktorlar ilə yanaşı, yaşam tərzi, ətraf mühitin də təsiri ilə
xəstəlik ortaya çıxmaqdadır.

Tarixdə hansı məşhur insanlar bu xəstəlikdən əziyyət çəkib?

Məşhur insanlar arasında da bu xəstəlikdən əziyyət çəkənlər
olub. Onlara Məhəmməd Əli (boksçu), Maykl Foks və Robin Vilyams
(aktyor), Bülent Ecevit (siyasətçi) və s. misal göstərmək olar.

Müsahibə üçün təşəkkür edirik!

Teqlər: