Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir – Səttar Möhbalıyev

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi
Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi
(təşkilatı)”
respublika müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci
ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Pozitiv, təhlükəsiz və
sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət”
devizi altında
baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev, əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov,

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin
müavini Hikmət Məmmədov, ƏƏSMN-in Əmək
siyasəti şöbəsinin müdiri Fuad Heydərov, “Mətanət A”

şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov,
AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib
olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər
iştirak ediblər.

Tədbirdə çıxış edən S.Möhbalıyev ötən il ölkəmizin artan
iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər, Şərqi Zəngəzurda
və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin
ərazilərin iqtisadi potensialından və biznes imkanlarından söz
açıb.

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək
münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi,
əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın
daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin yaradıldığını
qeyd edən S.Möhbalıyev respublikamızda BƏT-in 58 Konvensiyasının
ratifikasiyasının olunduğunu, konvensiyaların tələblərinin
respublikamızın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar
Məcəllələrində öz əksini tapdığını deyib: “BƏT-nin məlumatına görə,
hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş
verir. Bunun nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə
xəstəliyinə tutulur, 2,34 milyon nəfər həlak olur. Hər gün
istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr
nəticəsində 6400 adam həlak olur. Müxtəlif xəstəliklərdən ölənlərin
sayı 2017-ci ildə 1,7-2,0 milyon nəfər olub. MDB üzrə statistik
məlumatlara əsasən, hər il region ölkələrində istehsalatda baş
verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Dünya
iqtisadiyyatı 2,8 trilyon ABŞ dolları dəyərində və ya dünyada
istehsal olunan Ümum Daxili Məhsulun 4%-i həcmində itkiyə məruz
qalır”.

“Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin
Mühafizəsi Gününü – “Pozitiv, təhlükəsiz və sağlam həyat
mədəniyyəti üçün birgə fəaliyyət”
devizi ilə qeyd etməyi
tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti
və iş yerində müsbət təhlükəsizlik mədəniyyətinin
formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir.
Həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi
üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə
nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin
yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2021-ci
il ərzində onlar 175 müəssisə və təşkilatda ictimai müayinə işi
aparıb, 692 pozuntu aşkar edib, onların 90 %-nin aradan
qaldırılmasına nail olublar. Nəticədə 169 texnoloji avadanlıq və
dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə
gətirilib, 507 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar
ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2021-ci il
ərzində xəsarət alanların sayı 27,2 % artaraq 99 əvəzinə 126 nəfər,
bədbəxt hadisədən ölənlərin sayı 26 % azalaraq 23 əvəzinə 17 nəfər
olub. Həmkarlar ittifaqının fəaliyyət göstərdiyi müəssisələrdə
xəsarət alanların sayının artması əsasən işəgötürənlərin və iş
icraçılarının işçiləri təlimatlandırmaması, biliklərinin
yoxlanmaması, praktiki fəaliyyətlərində öz vəzifə funksiyalarını
yerinə yetirməmələri və beləliklə də, bədbəxt hadisələrə yol
açmaları bilavasitə norma və qaydalara əməl etməmələri ilə birbaşa
əlaqəlidir”, – AHİK sədri bildirib.

Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil
edilməsi məqsədi ilə yeni 12 əməyin mühafizəsi kabineti və 346 güşə
yaradılmasını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin
sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü
ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək
şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı
uğrunda müsabiqə keçirildiyini bildirib: “Ötən dövr ərzində bu
tədbirə 16 498 müəssisə və təşkilat qatılıb, onlardan 481-i bu
yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıb: “2021-ci ildə “Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)”
devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə
iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat, sex və
sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə Komissiyasının
iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilib yekdil
qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri
müəyyən edilib, İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib və
onlarda müsabiqənin qalibi elan olunub. Müsabiqənin keçirildiyi
dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 143, əməyin mühafizəsi
komissiyalarının 115 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi
müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında
yaranmış 26 mübahisəli məsələ həll edilib və həmin məsələlərin
yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə
araşdırılmasına ehtiyac qalmayıb”.

Çıxışının sonunda S.Möhbalıyev müsabiqənin qaliblərini
qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından
və öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində
uğurlar diləyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında
əmək münasibətlərindən, əməyin mühafizəsindən,
leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən,
işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik
bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra çıxış edənlər – Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
(ASK) vitse-prezidenti Vüqar Zeynalov, “Mətanət A”

şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi
sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların
üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət
mexanizmlərindən bəhs ediblər.

Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar
Respublikası Həmkarlar İttifaqı Şurasını və 22
sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48
müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

Teqlər: