Bədii gimnastika üzrə 27-ci Bakı Birinciliyi keçiriləcək

Gimnastika növünün ən zərif nümayəndələri mart ayında keçirilən
Azərbaycan birinciliyindən sonra daha bir yerli yarışda, mayın 3 və
4-də keçiriləcək 27-ci Bakı birinciliyində qüvvələrini
sınayacaqlar.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a bildirilib ki,
Milli Gimnastika Arenasında keçiriləcək yarışda 9 klubdan
ümumilikdə 157 gimnast qüvvəsini sınayacaq.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Milli Gimnastika Arenasının qapıları Bakı
birinciliyində də tamaşaçıların üzünə açıq olacaq. Azərbaycan
Gimnastika Federasiyası tərəfindən keçirilən son üç yarışda olduğu
kimi, gimnastikasevərlər paytaxt birinciliyində də zəriflərin
həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə edəcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək
istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/
saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin
qiyməti 7 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında
yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Teqlər: