HDQ-də kompleks yoxlamanın nəticələrinə dair xidməti müşavirə keçirilib (FOTO/VİDEO)

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz
Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, gəmi heyətləri “Həyəcan” siqnalı ilə
qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı
komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə
praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi
hazırlığı yoxlanılıb.

General-polkovnik K.Vəliyevə hərbi gəmilərin və gəmi
heyətlərinin yerləşməsi, döyüş hazırlığı və vaxta xidmətinin
təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat
verilib.

Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris
Mərkəzində də olub, burada xidmətin təşkili və hərbi qulluqçuların
sosial-məişət şəraiti ilə maraqlanıb.
Sonra Müdafiə Nazirliyinin müvafiq baş idarə, idarə və HDQ-nin
komandanlığının iştirakı ilə kompleks yoxlamanın yekun nəticələrinə
dair xidməti müşavirə keçirilib.
Görülmüş işlərin təhlilini aparan general-polkovnik K.Vəliyev döyüş
gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib,
bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı
nəticəsində əldə edildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki,
Vətən müharibəsində HDQ-nin şəxsi heyəti Ali Baş Komandan
tərəfindən qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə
yetirib, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış
döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib.
Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin
Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə
hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik
və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və
digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Sonda general-polkovnik K.Vəliyev HDQ-nin döyüş,
mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi
intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat
məsələləri ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını
komandanlığa çatdırıb.

Teqlər: