Gömrük Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart –
Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş
tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları,
tələbələri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi
kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əziz və Sabunçu
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Abbasov iştirak
ediblər.

Tədbirdə ilk öncə soyqırımı qurbanlarının, həmçinin
respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından
keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 31 Mart Soyqırımı həqiqətlərini özündə əks etdirən
videoçarx nümayiş olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük
xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını
salamlayaraq 104-cü ildönümü tamam olan 31 Mart Soyqırımının öz
amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil,
bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu qeyd edib.
Soyqırımı siyasətinin xronologiyasına qısa nəzər salan Akademiya
rəisi soyqırıma siyasi qiymətin verilməsinin xalqımızın Ümummilli
lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Q.Novruzov məhz Müzəffər Ali Baş Komandanımızın və yenilməz
Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində əldə
edilmiş möhtəşəm qələbə nəticəsində tarixi ədalətin bərpa
edildiyini diqqətə çatdırıb. Tariximizin qan yaddaşına yazılmış
soyqırım cinayətlərinin heç zaman unudulmayacağını qeyd edən
Akademiya rəisi gənclərə Azərbaycan xalqının başına gələn
faciələri, xalqımızın şanlı keçmişini dərindən öyrənməyi tövsiyə
edib və gələcək nəsillərə zəfərlərlə dolu bir tarixin ötürülməsinin
vacibliyini vurğulayıb.

Çıxışının sonunda Qulu Novruzov soyqırım qurbanlarının
timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən
bütün soydaşlarımıza Allahdan rəhmət diləyib.

Daha sonra tədbirdə məruzəçi qismində çıxış edən Bakı Dövlət
Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix
elmləri namizədi, dövlətçilik tariximizin fəal tədqiqatçısı Boran
Əziz 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları
tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakıda,
Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrimizdə baş vermiş
erməni terroru və vəhşiliklər barəsində faktlara və tarixi
sənədlərə əsaslanan məlumatları tədbir iştirakçılarının diqqətinə
çatdırıb. Boran Əziz gənclərin vətənpərvərlik ruhunda
yetişdirilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin
əhəmiyyətini vurğulayaraq, onların Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmə çatdırılmasında bütün güclərini səfərbər etməli
olduqlarını vurğulayıb.

Tədbir Akademiya tələbələrinin “31 mart-Soyqırımın təsviri” və
“Böyük ermənistan xülyasının puç olması” mövzusundakı çıxışları ilə
davam edib.

Teqlər: