FHN Modul Tipli Hospitalının sabiq baş həkimi apellyasiya şikayəti verib

Vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər
maddələrlə həbs edilən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb
Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev,
müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və
Qulu Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya
şikayəti verib.

AzerTimes-ın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsində
hakim Elmar Rəhimovun icratına verilib. İş üzrə məhkəmə prosesinin
hazırlıq iclası keçirilib və təqsirləndiriln şəxslərin anket
məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran
Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1
ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, məhkəmə istintaqı zamanı polis nəzarəti altında
olan Qulu Orucov isə 2 il dövlət orqanlarında vəzifə tutması
qadağan edilməklə 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib və o,
məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə
işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh
İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP
korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair
təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10
min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək
müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini
davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi
5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə
əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına
dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140
nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style”
MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul
Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət
haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul
vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19
test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin
vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin
inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə
şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə,
sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq
xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real
təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə
müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə
rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması
ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2
(rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar
törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Teqlər: