Ermənistan bu şərtlərə nə qədər tez əməl etsə… – Sahil Kərimli

Azərbaycan dövləti sülh danışıqlarına başlanması və bölgədə
kommunikasiyaların açılması üçün Ermənistana bir neçə dəfə şans
verib. Amma təəssüf ki, Ermənistan rəhbərliyi bu şanslardan
yararlana bilməyib. Yaxşı olardı ki, Paşinyan hökuməti bu dəfə
ciddi düşünsün və Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi
sonuncu şansdan istifadə etsin.

Trend xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Trend
BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli
bildirib.

Onun sözlərinə görə, sülh razılaşmasına əməl olunmasa
Ermənistanı heç kim, hətta havadarları da xilas edə bilməyəcək:

“Azərbaycanın təklif etdiyi şərtlər ilk növbədə Ermənistanın
özünə hava və su kimi lazımdır. Çünki, Azərbaycan dövləti ilə sülh
müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, ərazi
bütövlüyü və suverenliyin tanınması həm də Ermənistanın bir dövlət
kimi varlığına təminat verir, gələcək inkişafını şərtləndirir.
Rəsmi Bakı həmişə olduğu kimi İrəvana bölgədə sülh və
təhlükəsizlik, region iqtisadiyyatına inteqrasiya, inkişaf və
tərəqqi, mehriban qonşuluq münasibətləri təklif edir. Ermənistan bu
şərtlərə nə qədər tez əməl etsə, bir o qədər çox qazanar. Hazırda
Ermənistan geriyə dönüşü olmayan yoldadır. İrəvanın yeganə düzgün
seçimi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması
olmalıdır. Bu reallığı Paşinyan hökuməti də yaxşı anlayır. Lakin,
görünən odur ki, Ermənistandakı revanşist və separatçı qüvvələr –
konkret olaraq Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş
bəlli bir qrup sülh danışıqlarına mane olmaq istəyir. Zənnimcə,
bütün bu cəhdlər əbəsdir. Çünki, Azərbaycan Prezidentinin
qətiyyətli mövqeyi ortadadır və cənab İlham Əliyevin qarşıya
qoyduğu məqsədlərə çatacağına şübhə yoxdur. Ermənistan istənilən
yolla sülh danışıqlarına, Zəngəzur dəhlizinin açılmasına və
ümumilikdə üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməyə
məcbur ediləcək. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bunu yaxşı
dərk edir və tezliklə biz konkret müsbət nəticələrin şahidi
olacağıq”.

Teqlər: