Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim etmişik – Ceyhun Bayramov

Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin
normallaşması üçün baza prinsiplərini təqdim etmişik.

AzerTimes-ın məlumatına görə,
bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə
açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan münasibətlərin normallaşması üçün
Ermənistana 5 maddəlik yeni təklif təqdim edib:

“Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi
ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni
30 illik işğala son qoyulandan, Azərbaycanın ərazi bütövlüyü bərpa
edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan
dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə
olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində
işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistana təxminən
bir il bundan əvvəl verilmişdi. Bir il ərzində bir neçə dəfə bu
təklif gündəmə gətirilib.

Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür. Biz
həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş
mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün
qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq.
İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki
olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin
saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda
gətirən deyil. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir
ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret
cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı
atıb xoş niyyətimizi göstərdik.

Ermənistan böyük sülh müqaviləsi üzərində işləməyə – daxili
siyasi proseslər baxımından – hazır deyilsə, nəsə tərəddüdləri
varsa, biz prosesi onlar üçün asanlaşdırdıq və onlar üçün növbəti
sənədi təqdim etdik. Ermənistan-Azərbaycan dövlətlərarası
münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim
etdik. Həmin o prinsiplərə keçməyəcəm. Ancaq onu qeyd edə bilərəm
ki, oradakı prinsiplər hamısı beynəlxalq hüquqa əsaslanır. Burada
heç bir qeyri-adi müddəa yoxdur. Hesab edirik ki, həmin təklifləri
rədd etmək çox məntiqsiz olar. Ermənistan tərəfinin cavabını
gözləyəcəyik. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq
istəyirik. Bir ilə yaxın müddət idi ki, sülh müqaviləsi təklifini
vermişdik və buna heç bir cavab yox idi. Ancaq biz ikinci sənədi
Ermənistana təqdim edəndən sonra dünən Ermənistan Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ermənistanın Azərbaycanla sülh
müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq
vasitəçilərə müraciət etmək planlarını dilə gətirib. Bu ikinci
təklifə müəyyən mənada Ermənistandan cavab reaksiyası idi” – nazir
deyib.

Teqlər: