Erməni quldurları uşaqlarımızı gözümüzün önündə güllələdilər – Qaradağlı faciəsinin şahidləri (FOTO/VİDEO)

Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi
Qaradağlı soyqırımının növbəti ildönümüdür. Xocavənd rayonunun
Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla
mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək
yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. 30 il
əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr
200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara
qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin
davamı, Azərbaycan xaqına bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə,
Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə
yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş
qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli
günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları
doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı,
onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid
oldu.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi
yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən
vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn
UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər
öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı
yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də
kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il
iyunun 28-də kəndin yanındakı fermada 6 sakin – 3 kişi və 3 qadın
diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan
Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun
5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu.
Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu.
1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı
vəhşicəsinə qətlə yetirildi.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də
isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti
hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin
törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların,
xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının
texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər
tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma
keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4
gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14
nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda
ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti
məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları
tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos
quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu
üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək
güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində
öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və
işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər
müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər
məlum deyil.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni
silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118
nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları
öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb,
üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri
öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib.
Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad
olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat
edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri
ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri
basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları,
döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi
idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı
cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4
nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim
qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10
nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1
mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq
xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus
tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin
800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə
“Soyqırımı Qaradağlı”, “Soyqırımı Qaradağlı davam edir…” və
“Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Eləcə də “Qaradağlı
soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa,
şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni
Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri
ucaldılıb.

Qaradağlı faciəsi zamanı erməni terrorçularının əsir götürərək
ağlasığmaz işgəncələr verdiyi Şamxal Şirinov və Oruc Əliyev
yaşadıqları dəhşətlər, erməni quldurlarının kənddə törətdiyi
soyqırımlar barədə Trend TV-yə danışıblar. Videomaterialı təqdim
edirik.

Teqlər: