Ərdoğan Dubayda Azərbaycan pavilyonunu ziyarət edib (FOTO)

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfəri çərçivəsində Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən “Expo-2020”
sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.

Trend xəbər
verir ki, ziyarət zamanı Türkiyə Prezidenti Xalq artisti Alim
Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan mahnılarını
dinləyib. Daha sonra Türkiyə dövlət başçısı pavilyonda görülmüş
hazırlıq işləri ilə tanış olub.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Expo 2020 Dubai” beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin
təşkil etdiyi Azərbaycan pavilyonu da təqdim edilir. Sərgi bu ilin
martın 31-dək davam edəcək.

Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil
olunur. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti,
təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks
etdirir. Pavilyonda installyasiya, audio və video materialların
vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi sərgilənir.

Pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanda iqtisadi və sosial sahələrdə dayanıqlı inkişaf və
innovasiyalar barədə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi
nəticəsində azad edilmiş ərazilərdə tikinti işləri barədə
məlumatlar təqdim olunur. Milli pavilyon gündə 10 mindən çox
ziyarətçi qəbul edir. Sərgi çərçivəsində pavilyonun səhnəsində
müntəzəm olaraq konsertlər və müxtəlif mədəniyyət proqramları
keçirilir, ziyarətçilər isə Azərbaycanın tarixi və müasir həyatını
izləmək imkanı qazanır.

Teqlər: