ADA Universitetinin xaricə ezam olunan diplomatlar üçün keçirdiyi silsilə seminarlar başa çatıb (FOTO)

ADA Universitetinin İxtisasartırma Proqramlarının təşkilatçılığı
ilə 7-14 fevral tarixləri ərzində keçirilən və xaricə ezam olunan
diplomatlar üçün nəzərdə tutulan silsilə seminarlar başa çatıb.

Seminarlarda Azərbaycanın Amerika, Asiya və Avropadakı 26 ölkədə
yerləşən nümayəndəliyində fəaliyyət göstərəcək 33 gənc, orta və
yükək rütbəli diplomat iştirak edib. Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikası İdarəsini
təmsil edən diplomatlar da Bakıya səfər edərək seminarlarda iştirak
ediblər.

Seminar silsiləsinin açılış sessiyasında Xarici İşlər nazirinin
müavini Fariz Rzayev, ADA Universitetinin İcraçı prorektoru Fariz
İsmayılzadə, XİN-in Kadrlar İdarəsinin rəisi Raman Məmmədov, şöbə
rəisi Günay Rəhimova və ADA Universitetinin prorektor müavini Aygün
Hacıyeva çıxış ediblər.

Aygün Hacıyeva qeyd edib ki, İxtisasartırma Proqramları daha
əvvəl də bilavasitə xaricə ezam olunan diplomatlar üçün seminarlar
təşkil edib və indiyədək bu seminarlarda 50-dən çox diplomat
iştirak edib. Lakin bu dəfəki seminarların ADA Universiteti üçün
tarixi əhəmiyyət kəsb etdiyini ifadə edən Aygün Hacıyeva əlavə edib
ki, İxtisasartırma Proqramları ilk dəfədir ki, məhz bu seminar
çərçivəsində diplomatların xaricə ezamiyyətdən öncə Şuşaya səfərini
təşkil edib.

İştirakçılar ADA Universitetinin idarəetmə və professor-müəllim
heyəti üzvlərinin, yerli dövlət qurumlarını təmsil edən
yüksəkrütbəli məmur və diplomatların, beynəlxalq münasibətlər,
enerji məsələləri, o cümlədən mədəniyyət sahəsi üzrə fəaliyyət
göstərən ekspertlərin xarici siyasət, regional və qlobal
müstəvidəki yeniliklər və enerji siyasəti ilə bağlı mühazirələrini
dinləyiblər.

ADA Universitetinin idarəetmə və professor-müəllim heyəti
ictimai diplomatiyanın yeni trendləri, peşəkar ünsiyyət
bacarıqları, pandemiyanın meydana çıxardığı çətinliklər, rəqəmsal
diplomatiya və sosial medianın rolu mövzusunu tədris ediblər.
Qarabağda mədəni irsin bərpası mövzusu da seminarın tədris
proqramına daxil edilib.

Seminar çərçivəsində ADA Universitetinin rektoru, səfir Hafiz
Paşayevin iştirakı ilə müzakirə baş tutub. Müzakirədə rektor
Paşayev ABŞ-da səfir olduğu dövr ərzində əldə etdiyi peşəkar
təcrübəsini diplomatlarla bölüşüb.

“Əsl diplomat öz ölkəsini və peşəsini sevən diplomatdır”, – deyə
bildirən səfir Hafiz Paşayev diplomatlara ezam olunduqları
ölkələrin rəsmi dilini öyrənməyi və həmin ölkələrə dair biliklərini
zənginləşdirməyi tövsiyə edib.

Silsilə seminar zamanı Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Xarici siyasətdə
yeni reallıqlar: XXI əsrdə diplomatiya” mövzusunda mühazirə ilə
çıxış edərək diplomatlar üçün peşə bacarıqlarının və biliklərin
mütəmadi olaraq inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Azərbaycan Respublikasının sabiq Xarici işlər naziri Vilayət
Quliyevin iştirakı ilə keçirilən sessiyada ölkə maraqlarımızı
xaricdə qoruyacaq diplomatları maraqlandıran suallar ətrafında
müzakirələr aparılıb.

Silsilə seminarların bağlanış sessiyasında Azərbaycan
Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara sertifikatlarını
təqdim edib.

Müasir dövrdə diplomatiyanın mahiyyətinin dəyişdiyini deyən
Azərbaycan Respublikası Prezidentinin köməkçisi ölkəmizin xarici
siyasət prioritetləri barədə ətraflı məlumat verib. Hikmət Hacıyev
bildirib ki, uğurlu və peşəkar diplomat ezam olunduğu ölkədə
ictimai rəyi qazamağı, həmin ölkənin akademik və media qurumlarının
nümayəndələri ilə ünsiyyətdə olmağı və yeni geosiyasi reallıqları
nəzərə alaraq diplomatik münasibətləri tənzimləməyi
bacarmalıdır.

Teqlər: