Elnur Məmmədov Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri ilə görüşüb (FOTO)

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 9
may 2022-ci il tarixində Argentinanın xarici işlər, beynəlxalq
ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşü
keçirilib.

XİN-dən AzerTimes-a bildirilib ki, görüşdə dövlətlərarası
münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında
aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub. Müxtəlif
istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, energetika
və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud
imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik
əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata
keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni gündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə
Argentina Xarici İşlər, Beynəlxalq ticarət və İbadət üzrə Nazirliyi
arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu
keçirilib.

Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur
Məmmədov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər
nazirinin müavini Pablo Tettamantinin rəhbərlik etdiyi nümayəndə
heyətləri ikitərəfli münasibətlərin mövcud vəziyyəti, o cümlədən
siyasi, iqtisadi, enerji, yüksək texnologiyalar və humanitar
sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini
müzakirə ediblər.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir
mübadiləsi aparıblar.

Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra regionda
yaranmış yeni siyasi reallıqlar, azad edilmiş torpaqlarda aparılan
bərpa və quruculuq işləri barədə ölkəmiz tərəfindən həyata
keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə
ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq
nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb.

Həmçinin, Argentinaya səfəri çərçivəsində xarici işlər nazirinin
müavini Elnur Məmmədov Argentinanın beynəlxalq münasibətlər üzrə
Şurasında çıxış edib, La Plata universitetində azərbaycanşunaslıq
kafedrasında əməkdaşları, təhqiqatçılar və tələbələr ilə görüş
keçirib.

Teqlər: