Elektrik və hibrid avtomobillər üçün güzəştli kreditlərin verilməsi barədə Banklar Assosiasiyasına təklif göndərilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
“Sərhəddə ticarət” işçi qrupunun “Elektrik mühərrikli və hibrid
nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq
edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və
müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun iclası
keçirilib.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, iclasda
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
Katibliyinin rəhbəri, müvafiq nazirliklər, Dövlət Gömrük Komitəsi,
aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak
ediblər.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, iclas 2022-ci
ilin birinci rübü ərzində görülən işlər, əldə olunan nəticələr və
qarşıda duran vəzifələrə həsr olunub.

Diqqətə çatdırılıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinin
istifadəsinin genişləndirilməsi məqsədilə xüsusi yol xəritəsi
hazırlanaraq təsdiq olunub. V.Şıxəliyev yol xəritəsinin
hazırlanmasında tematik qrupların gərgin əmək sərf etdiklərini
vurğulayıb, sənəddə konkret hədəflərin müəyyənləşdirilməsi və
qarşıda duran məsələlərlə bağlı dərin təhlillər aparılmasının
uğurlu nəticələr əldə olunması baxımından əhəmiyyət daşıdığını
bildirib.

İclas zamanı özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri
ilə bağlı hazırlanmış xüsusi “Yol Xəritəsi”nin cari ilin birinci
rübü ərzində icra vəziyyəti barədə təqdimat nümayiş edildi.
Təqdimat zamanı bu sahənin təşviqi məqsədilə təbliğat və
maarifləndirmə istiqamətində görülmüş işlər barədə ətraflı
məlumatlar təqdim olundu. Dövlət-biznes dialoqu çərçivəsində digər
özəl sektor nümayəndələrinin də bu layihəyə maraq göstərdikləri
diqqətə çatdırıldı.

Görülən işlərin davamı olaraq, “Yol Xəritəsi”nin icrası
çərçivəsində bankların vəsaitləri hesabına elektrik mühərrikli və
hibrid avtomobillərin alınması üçün güzəştli şərtlərlə kreditlərin
verilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasına müvafiq
təklif və tövsiyyələrin verildiyi bildirildi.

Daha sonra, “Yol Xəritəsi” sənədinin 2-ci əsas istiqaməti olan
ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin
stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanmasına
dair bəndin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500
nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük
rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərar layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət
qurumlarına (İqtisadiyyat, Ədliyyə, Maliyyə və Ekologiya və Təbii
Sərvətlər nazirliklərinə) təqdim edildiyi qeyd olundu. Layihənin
yekun mətni formalaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim
edilməsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin
Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Səməd Qaralov
gündəlikdə duran məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirib
və gömrük orqanları tərəfindən görülən işlər barədə məlumat
verib.

Sonra iclasin gündəliyindəki məsələlərlə bağlı müzakirələr
aparılıb.

Altqrupun nəzdində yaradılmış 4 tematik qrupların rəhbərləri
olan Dövlət Gömrük Komitəsi, Energetika Nazirliyi, Mərkəzi Bank və
həmçinin özəl sektorun nümayəndələri təqdimatlarla çıxış edərək bu
ilin birinci rübü ərzində görülən işlər barədə məlumat
veriblər.

Sonda müzakirə olunan məsələlərlə bağlı təklif və rəylər
dinlənilib, suallar cavablandırılıb.

Teqlər: