Əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin yaranmasına səbəb olur – Təyyar Eyvazov

Xəbər - Humay Ağacanova – Trend:

Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun
normal işləməsi üçün şərait yaratmaq lazımdır.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ilk öncə, peyvənd cədvəlinə, o cümlədən
illik qrip peyvəndinə laqeyd yanaşılmamalıdır. Həmçinin, qida
elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və
tərkibinə diqqət yetirilməlidir.


“Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu
zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun
sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir.
Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal
sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı
fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan
dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə
çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir.
İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə
edin.
İmmun sistemi çox mühümdür, lakin az öyrənilən sahədir. Onun işində
ciddi bir pozuntuya dair şübhələr varsa, həkimə müraciət mütləqdir,
çünki bir pozuntu əmələ gəldiyi halda xüsusi müalicə tələb oluna
bilər. Əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi
immunitetin əldə edilməsinə səbəb olur”, – deyə o bildirib.

Teqlər: