Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları beynəlxalq ictimaiyyətə müraciət edib

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları
beynəlxalq ictimaiyyətə müraciət edib.

AzerTimes xəbər verir ki,
müraciətdə deyilir:

“Biz, dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri
1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş və Vətən
müharibəsi zamanı 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu
tərəfindən azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərindən beynəlxalq ictimaiyyətə müraciət edirik.

Təqribən 30 illik işğal ərzində Ermənistan əsrlər boyu bu
ərazilərdə yaşamış Azərbaycan xalqının izini məqsədli şəkildə
silməyə çalışmışdır. Azərbaycanın 10-a yaxın şəhəri və yüzlərlə
kəndi Ermənistan tərəfindən yer üzündən silinmiş, ərazilər ciddi
şəkildə minalanmışdır. 2020-ci ilin noyabrın 10-da Vətən
Müharibəsinin bitməsindən sonra 208 nəfər mina qurbanı olmuşdur.
Onlardan 37 nəfəri həlak olmuş, digərləri əlil olmuş, müxtəlif
dərəcəli bədən xəsarətləri almışlar. Həlak olanların əksəriyyəti
doğma yurdlarına səfər etmək, yaxınlarının məzarlarına baş çəkmək
istəyən eyni ailənin üzvləri olmuşlar.
Ümumilikdə, 1991-ci ildən bu vaxta kimi 3159 Azərbaycan vətəndaşı
minaların və digər partlayıcı sursatların qurbanına çevrilmişdir.
Onların 354 nəfərini qadınlar, 54 nəfərini isə uşaqlar təşkil
edir.

Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən
biridir. Minatəmizləmə əməliyyatları həyata keçirən Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi, digər yerli və beynəlxalq
operatorların məlumatına görə müharibədən sonra aparılan
minatəmizləmə əməliyyatları nəticəsində 55 mindən yuxarı mina və
digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilmişdir.
Bəzən bir kv.m ərazidən 5-6 piyadalar əleyhinə minalar aşkar
olunaraq məhv edilir. 30 illik işğaldan azad edilmiş yaşayış
məntəqələri istiqamətində bəzən 18-20 mina xətti aşkar olunur.
Təkcə 210-dan yuxarı yaşayış məskəni ətrafında baş vermiş mina
hadisələrinə dair ANAMA-da dəqiq məlumatlar toplanmışdır.

Çoxsaylı beynəlxalq təzyiqlərdən sonra Ermənistan mina
formulyarlarının müəyyən hissəsini Azərbaycana təqdim etsə də,
onların dəqiqlik faizi çox aşağıdır.
Ermənistan Azərbaycan ərazilərində basdırdığı minalara və onların
nəticəsində pozulan insan hüquqlarına görə dövlət məsuliyyəti
daşıyır. Ermənistan bu sahədə əməkdaşlıq etməməklə, minaların mülki
şəxsləri öldürməsinə və əlil etməsinə şərait yaradır və beləliklə,
ən fundamental insan hüququ olan yaşamaq hüququnu pozur.

Vətən Müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər şəhər və
rayonlara Ermənistan tərəfindən atılmış ballistik və qadağan
olunmuş kasetli raketlər, fosfor tərkibli top mərmiləri də daxil
olmaqla dinc əhaliyə qarşı raket və artilleriya hücumları
nəticəsində 500 nəfərdən çox mülki şəxs həlak olmuş və yaralanmış,
çoxsaylı dağıntılar törədilmişdir. Bu gün də ərazilərə səpələnmiş
kasetli sursatlar sosial-iqtisadi itkilərə, insan ölümlərinə səbəb
olur.
Azad olunmuş ərazilərə və müharibədən zərərçəkmiş şəhərlərə təşkil
edilmiş çoxsaylı səfərlər zamanı xarici diplomatlar, beynəlxalq
təşkilatların nümayəndələri və xarici jurnalistlər Ermənistan
tərəfindən törədilən bu barbarlığın şahidi olmuşlar.

Mina problemi azad edilmiş ərazilərdə Azərbaycanın həyata
keçirdiyi yenidənqurma və bərpa işlərini, eləcə də bu günü on
illərlə gözləyən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını
ləngidir. Hazırda Azərbaycan öz imkanları hesabına bu ərazilərdə
minatəmizləmə fəaliyyəti aparır. Lakin bu proses çox böyük maliyyə
resursu və vaxt tələb edir.

Biz, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları
Ermənistan tərəfindən 30 il işğal altında saxlanılmış Azərbaycan
ərazilərinin total şəkildə minalanmasını, mina formulyarlarının
dolğun şəkildə təqdim edilməməsini insanlığa qarşı törədilən
cinayət aktı kimi qiymətləndirir, Ermənistanın hərəkətlərinin
beynəlxalq hüquq normalarına, o cümlədən mülki əhalinin müdafiəsinə
dair 1949-cu il Cenevrə Konvensiyasına və Piyadalar əleyhinə
minaların istifadəsi, saxlanılması, istehsalı və ötürülməsinin
qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava
Konvensiyasına zidd olduğunu bildiririk.

Biz, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları və
təsisatları Ermənistanın Azərbaycan ərazilərini total şəkildə
minalamaqla həyata keçirdiyi insanlıq əleyhinə siyasətinə lazımi
hüquqi qiymət verməyə, eyni zamanda, Azərbaycanın azad edilmiş
ərazilərinin bərpası, insanların öz doğma yurd-yuvalarına
təhlükəsiz şəkildə geri dönüşünün təmin edilməsi istiqamətində
apardığı səylərə praktiki, texniki və maliyyə resursları ilə dəstək
olmağa çağırırıq”.

Müraciət Dünya Azərbaycanlılarının V Qurultayında qəbul
edilib.
Azərbaycan Respublikası, Şuşa şəhəri, 23 aprel 2022-ci il.

Teqlər: