Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) müasir Azərbaycan
dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

DİDK-dən AzerTimes-a bildirilib ki, tədbirdən öncə Komitə
əməkdaşları Fəxri Xiyabanda ümummilli liderin məzarı ziyarət
edərək, ehtiramlarını bildiriblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan
tədbirdə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.

Ümummilli lider haqqında filmin nümayişindən sonra Komitə sədri
Fuad Muradov çıxış edərək, dahi şəxsiyyətin həyat və
fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması
və möhkəmlənməsində, Azərbaycan diasporunun formalaşmasındakı
müstəsna xidmətlərindən danışıb. Ulu öndərin xaricdə yaşayan
soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən
azərbaycançılıq ideologiyasını irəli sürdüyü, dünya
azərbaycanlılarının həmrəyliyi ideyasının əsasını qoyduğu,
Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasını,
lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini daim diqqətdə
saxladığı nəzərə çatdırılıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi möhtəşəm tarixin Azərbaycanın milli bayramları
sırasında yer alması ümummilli liderin böyük siyasi kursunun
məntiqi nəticəsi kimi qiymətləndirilib.

Tədbirdə ABŞ, Meksika, Böyük Britaniya, Fransa, Almaniya, İsveç,
Niderland, Litva, Rusiya, Türkiyə və Ukraynada fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Çıxış edən diaspor nümayəndələri qeyd ediblər ki, ümummilli liderin
dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də böyük
uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin
ərazi bütövlüyünü bərpa etməsi dünya azərbaycanlılarının daha sıx
və mütəşəkkil şəkildə bir araya gəlməsinə, misli görünməmiş birlik
və həmrəylik nümayiş etdirməsinə gətirib çıxarıb. Bu yaxınlarda
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya
Azərbaycanlılarının V Qurultayının bunu bir daha təsdiqlədiyi
vurğulanıb.

Teqlər: