Gənclər Fondunun təşkilatçılığı ilə “Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Heydər Əliyev dövlət idarəçiliyi məktəbi”ndə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş “Azərbaycan gəncləri Heydər Əliyev yolunda” mövzusunda
seminar keçirilib. Seminarda ölkəmizdə fəaliyyət göstərən gənclər
təşkilatlarının otuza yaxın rəhbər və nümayəndəsi iştirak edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə seminar iştirakçılarına
gənclər siyasətinin formalaşmasında Heydər Əliyevin oynadığı tarixi
rol, ulu öndərin siyasi irsi və müasir Azərbaycanın inkişafı
yolunda nümayiş etdirdiyi böyük siyasi iradə barədə ətraflı məlumat
verərək, Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər
siyasətinin hər zaman xüsusi yer tutduğunu, Azərbaycanın II Qarabağ
müharibəsində qazandığı tarixi qələbənin əsasında Heydər Əliyevin
uzaqgörən siyasətinin dayandığını diqqətə çatdırıb.

Seminar çərçivəsində gənclərlə geniş fikir mübadiləsi aparılıb,
iştirakçıları maraqlandıran suallar Aydın Mirzəzadə tərəfindən
cavablandırılıb. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizin
tərəqqisi naminə atdığı tarixi addımlar, azərbaycançılıq ruhunun
dirçəldilməsi və müstəqil Azərbaycan Respublikasının inkişafı
istiqamətində gördüyü işlərin öyrənilməsi gələcəyin liderləri üçün
yüksək əhəmiyyətə malikdir.

Tədbirdə iştirak edən Dövlət İdarəçilik Akademiyasının
prorektoru Cəfər Eyvazlı və Gənclər Fondunun icraçı direktorunun
müavini Qədir Xəlilov Heydər Əliyev irsinin qorunması və gələcək
nəsillərə ötürülməsinin gənclərin qarşısında duran əsas
vəzifələrdən biri kimi xüsusilə qeyd ediblər.

Sözügedən seminar Dövlət İdarəçilik Akademiyası ilə Gənclər
Fondu arasında imzalanmış 18 mart 2022-ci il tarixli Anlaşma
Memorandumuna əlavə olunan Fəaliyyət Planı çərçivəsində təşkil
edilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
münasibəti ilə Bakıda, 55 şəhər və rayonda intellektual yarışlar,
müsabiqələr, seminarlar, sərgilər və bir sıra silsilə tədbirlər
həyata keçirilib. Gənclər Fondunun əməkdaşları ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərə sevgi və
hörmətlərini ifadə ediblər.

Teqlər: