Dövlət Komitəsi Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılara müraciət edib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və
ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən
soydaşlarımıza müraciət edib.

AzerTimes-ın məlumatına görə, müraciətdə bildirilir ki, Ukraynanın
Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan
azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud
Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və
+380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan
təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət
orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər
Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza
tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu
(COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan
sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və
COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə
tələb etməyəcək.

Qeyd edək ki, Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü
bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı
təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ
qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected]
email ünvanı ilə əlaqə saxlaya bilərlər.

Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin
etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.

Teqlər: