Dövlət Gömrük Komitəsi biznes nümayəndələri ilə dialoqa daim açıqdır (FOTO)

Mayın 31-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri
arasında görüş keçirilib.

Tədbirdə gömrük sistemində yeniliklərlə bağlı sahibkarların
məlumatlandırılması, gömrük-biznes münasibətlərinin, qarşılıqlı
dialoqun gücləndirilməsi, gömrük prosedurlarının və ticarətin
asanlaşdırılması məsələləri müzakirə edilib, biznes
nümayəndələrinin təklifləri öyrənilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev, Komitənin sədr müavinləri,
aidiyyəti struktur bölmələrinin rəhbərləri, “AmCham”ın prezidenti
Nərgiz Nəsrullayeva və Palatanın üzvləri iştirak ediblər.

“AmCham”ın prezidenti Nərgiz Nəsrullayeva Palata ilə gömrük
orqanları arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki qurumun
rəhbərləri arasında keçirilən görüşlərdə səmərəli müzakirələr
aparıldığını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham
Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində aparılan
islahatların əhəmiyyətindən danışıb, tətbiq edilən yeniliklər
hesabına Azərbaycan gömrük orqanlarının modernləşdirildiyini,
ümumdünya gömrük ailəsinin etibarlı və nüfuzlu üzvünə çevrildiyini
bildirib. Qeyd olunub ki, dövlət başçısının hərtərəfli diqqət və
qayğısı nəticəsində Azərbaycan gömrüyü maddi-texniki baza və
ixtisaslı kadrlarla təmin olunaraq dünyanın aparıcı gömrük
orqanları arasında yer alır.

Komitə sədri vurğulayıb ki, islahatların əsas hədəflərindən biri
də gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə
proseslərini sürətləndirməklə ticarətin asanlaşdırılmasıdır. Bu
məqsədlə yerlərdə aparılan tikinti və yenidənqurma işləri
nəticəsində, eləcə də müasir texniki nəzarət vasitələrinin tətbiqi
ilə gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir
neçə dəfə artırılıb. İslahatlardan əvvəl gömrük-sərhəd keçid
məntəqələrindən gündəlik 150-170 yük nəqliyyat vasitəsinin keçidi
təmin olunurdusa, hazırda bu rəqəm 600-ə çatdırılıb. Səfər Mehdiyev
yeni inşa olunan gömrük-sərhəd keçid məntəqələri və yenidənqurma
işləri hesabına yaxın zamanlarda bu sayın daha da artacağını
bildirib.

2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemini
biznes nümayəndələrinin yüksək rəğbətlə qarşıladığını vurğulayan
Komitə sədri idxal-ixrac əməliyyatlarının 41 faizinin bu sistemdən
istifadə hüququ əldə edən sahibkarların payına düşdüyünü diqqətə
çatdırıb. O da qeyd olunub ki, yaxın vaxtlarda tətbiq ediləcək yeni
layihələr ticarətin daha da asanlaşdırılması və gömrük
prosedurlarının sadələşdirilməsi ilə bağlı sahibkarlara əlavə
imkanlar yaradacaq.

Komitə sədri islahatlar nəticəsində gömrük orqanlarının tamamilə
kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini, bəyanetmə
prosesinin tam elektronlaşdırıldığını, sahibkarların internetə
çıxışı olan istənilən məkandan gömrük əməliyyatlarını həyata
keçirmək imkanı qazandıqlarını bildirib. Vurğulanıb ki, artıq
gömrük əməliyyatlarının bir hissəsinin mobil versiyasının tətbiqinə
başlanıb və hazırda mobil həllərin daha da genişləndirilməsi
istiqamətində iş aparılır.

Səfər Mehdiyev qaçaqmalçılıqla mübarizə, xüsusilə narkotik
vasitələrin qanunsuz dövriyyədən çıxarılması sahəsində əldə olunan
nəticələrin Ümumdünya Gömrük Təşkilatı, BMT-nin aidiyyəti qurumları
və dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək
qiymətləndirildiyini bildirib. Komitə sədri Dövlət Gömrük
Komitəsinin ÜGT-nin Avropa Regionuna 2 il ərzində rəhbərlik
etməsini, hazırda ÜGT-nin mötəbər qurumlarından biri olan Siyasi
Komissiyada təmsil olunmasını da Prezident İlham Əliyevin
məqsədyönlü siyasətinin və gömrük sistemində həyata keçirdiyi
islahatların nəticəsi olduğunu vurğulayıb.

Sonra görüşün əhəmiyyətindən bəhs edən Səfər Mehdiyev Dövlət
Gömrük Komitəsinin biznes nümayəndələri ilə dialoqa daim açıq
olduğunu, təşkil edilən görüşlərdə, seminar və konfranslarda
səsləndirilən fikirlərin gömrük işinin səmərəli şəkildə
qurulmasında mühüm rol oynadığını deyib.

Sonda Palata üzvlərinin təklifləri dinlənilib və sahibkarları
maraqlandıran suallar ətraflı cavablandırılıb.

Teqlər: