DOST Agentliyi beynəlxalq mükafata layiq görülüb (FOTO)

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq
görülüb. Agentlik sosial təminat sahəsində və vətəndaş
məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal
texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin
göstərilməsində operativ metodlara görə fəxri fərmanla
mükafatlandırılıb. Mükafatın təqdimetmə mərasimi Bakıda keçirilən
“MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər”
mövzusunda beynəlxalq konfransda baş tutub. Fəxri fərmanı DOST
Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qəbul edib.

DOST konsepsiyası konfrans iştirakçılarının böyük marağına səbəb
olub. Tədbirdə qeyd olunub ki, DOST Agentliyi MDB məkanında
əhalinin sosial təminatı sahəsində reallaşdırılan ən uğurlu
layihələrdən biridir.


Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər
kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş
məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə
yaradılıb.

Teqlər: