Prezident İlham Əliyev: Ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər

Mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı
Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların
suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar
səslənirdi.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Biz müstəqilliyin lap ilk dövründən müəyyən informasiya boşluğu
ilə üzləşmişik. Üstəlik, əgər bu, sadəcə, vakuum olsaydı dərd yarı
idi, biz öz fəaliyyətimizin düzgün interpretasiya edilməməsi ilə
üzləşdik. Yeri gəlmişkən, biz indiyə qədər bunu hiss edirik, təkcə
qərb ölkələrində deyil, həm də başqa ölkələrdə. Bəzən bilməmək
səbəbindən, bəzən də qərəzli şəkildə bizim ölkə daxilində və
beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər.
Buna görə son vaxtlara qədər bizim üçün əsas problemlərdən biri
məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə
çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər
şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi –
nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu
gəlir, gedir. Yeri gəlmişkən, bu il onlar 1992-ci ildən bəri
fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda
baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə, ekspert
cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara
çatdırmalı idik. Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim
edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq.
Çoxları deyir ki, biz informasiya müharibəsini uduzmuşuq. Lakin biz
elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın
diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək
imkanı qazandıq. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza
da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm
də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm.
Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə
Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir
sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd
deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar
ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və
onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar
səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil
olmağımıza imkan verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər
tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki,
kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında
vuruşması, kimin işğalçı olması aydın idi. Bax, buna görə Sizə və
sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya
media məkanı bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar
istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb.
Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə
olmayıb”.

Teqlər: